İsveçrənin Bürgenştok şəhərində keçirilən dördtərəfli məsləhətləşmələrin yekununda İran və ABŞ arasında müzakirələrin davam etdirilməsi məqsədilə dörd işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.
NUHÇIXAN xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi “Press TV” telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, işçi qrupları tərəflər arasında əsas mübahisə mövzularının həlli və gələcək əməkdaşlıq mexanizmlərinin hazırlanması üçün fəaliyyət göstərəcək.
Qəribabadi qeyd edib ki, qruplar sanksiyaların ləğvi, nüvə proqramının tənzimlənməsi, ölkənin bərpası və iqtisadi inkişafı, eləcə də monitorinq məsələləri üzrə işləyəcəklər.
İran rəsmisi vurğulayıb ki, yaradılan mexanizmlər tərəflər arasında əldə olunmuş ilkin razılaşmaların həyata keçirilməsinə və danışıqlar prosesinin davamlılığının təmin edilməsinə xidmət edəcək.
Qeyd edək ki, Bürgenştokda keçirilən danışıqlarda İran və ABŞ nümayəndələri ilə yanaşı, vasitəçi qismində digər tərəflərin nümayəndələri də iştirak ediblər. Danışıqların əsas məqsədi bölgədə gərginliyin azaldılması və qarşılıqlı etimadın möhkəmləndirilməsi olub.
