Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos Brüsseldə keçirilən yüksək səviyyəli Bağlantı Gündəliyi Platformasının açılışında verdiyi açıqlamada bildirib ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun tədbirdə iştirakı Brüsseldə məmnunluqla qarşılanıb.
NUHÇIXAN “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Türkiyə ilə əlaqələrin davam etdiriləcəyini bildirən Kos, türkiyəli rəsmilərlə görüşlər keçiriləcəyini qeyd edib. Onun sözlərinə görə, iyunun sonunda Aİ-nin xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas, habelə daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunner Ankaraya səfər edəcəklər.
Aİ-Türkiyə münasibətlərinin iki fərqli istiqamətdə irəlilədiyinə diqqət çəkən Kos əlavə edib ki, bu mərhələdə üzvlük prosesində heç bir irəliləyiş əldə edilməsə də, bağlantı gündəliyində görüləsi çox iş var. O, Türkiyənin bağlantı gündəliyində əsas rol oynadığını vurğulayaraq deyib: “Türkiyənin güclü iştirakı olmadan Orta Dəhlizi, həmçinin bütün bu rəqəmsal, enerji və ticarət əlaqələrinə sahib olmağı təsəvvür edə bilmirəm”.
Kos, həmçinin Türkiyə Xarici İşlər Nazirliyindən mümkün bağlantı layihələrinin siyahısını aldıqlarını və bu layihələrin digər ölkələrin təklifləri ilə birlikdə qiymətləndirildiyini bildirib.
