Fransada azyaşlılara qarşı cinsi zorakılıq hallarının araşdırılmasında ciddi nöqsanların olduğu üzə çıxıb
Fransanın ədliyyə naziri Jerald Darmanən “Lihanna işi” ilə bağlı aparılan yoxlamanın ilkin hesabatından sonra Oş şəhərinin prokurorluğunda çalışan hakim barəsində inzibati araşdırmanın açıldığını elan edib. Hesabatda azyaşlıya qarşı cinsi zorakılıq şikayətinin araşdırılmasında ciddi nöqsanların olduğu qeyd edilib.
NUHÇIXAN xəbər verir ki, TF1 televiziyasına müsahibəsində nazir bu nöqsanları çox mühüm çatışmazlıqlar kimi qiymətləndirərək, onların fərdi məsuliyyətdən qaynaqlandığını bildirib. Onun sözlərinə görə, yay mövsümünün sonuna qədər intizam prosedurunun nəticələrini əldə etmək və aşkar olunmuş ciddi pozuntulara uyğun sanksiyalar tətbiq etmək niyyətindədir.
İlkin hesabatda göstərilir ki, azyaşlının zorlanması ilə bağlı şikayət ciddi yanaşma və operativliklə araşdırılmayıb. Sənəddə məhkəmə və istintaq zəncirinin müxtəlif mərhələlərində səhvlərin, səhlənkarlıqların, hərəkətsizliyin və yanlış qərarların olduğu vurğulanıb.
Bununla yanaşı, hesabat ilk istintaq hərəkətlərinin effektiv həyata keçirildiyini qeyd edib, aşkarlanmış nöqsanlar maliyyə və ya inzibati resurs çatışmazlığı ilə əlaqələndirilməyib.
“Lihanna işi” ölkə miqyasında böyük rezonans doğurub. Bu çərçivədə Ədliyyə Nazirliyi azyaşlılarla bağlı 70 min şikayətin yenidən nəzərdən keçirilməsini tapşırıb. Hökumət mənbələrinin məlumatına görə, artıq 134 nəfər həbs olunub və proses davam edir.
Hökumət, eyni zamanda, uşaqların müdafiəsini gücləndirmək üçün yeni tədbirləri açıqlayıb. Bu tədbirlərə azyaşlıların zorlanması ilə bağlı şikayətlər üzrə bəzi istintaq hərəkətlərinin üç ay ərzində həyata keçirilməsinin məcburi edilməsi və azyaşlılara qarşı silsilə zorlamalar törədən şəxslər üçün ömürlük həbs cəzasının nəzərdə tutulması daxildir.
