Yunanıstan, Bolqarıstan və Rumıniyanı birləşdirəcək nəqliyyat dəhlizi Balkanların iqtisadi xəritəsini dəyişə bilər

A- A A+

Yunanıstan, Bolqarıstan və Rumıniya arasında həyata keçirilən “Qara dəniz–Egey dənizi dəhlizi” layihəsi Cənub-Şərqi Avropanın ən mühüm infrastruktur təşəbbüslərindən birinə çevrilir. Dəyəri təxminən 4,6 milyard avro qiymətləndirilən layihənin məqsədi üç ölkənin limanlarını, dəmir yollarını və avtomobil magistrallarını vahid nəqliyyat şəbəkəsində birləşdirməkdir.

NUHÇIXAN Rumıniyanın “G4Media” nəşrinə istinadən xəbər ki, Məlumata görə, layihə çərçivəsində Yunanıstanın Saloniki, Kavala və Aleksandrupolis limanları Bolqarıstanın Varna və Burqas limanları, daha sonra isə Rumıniyanın Konstansa limanı ilə müasir dəmir yolu və avtomobil yolları vasitəsilə əlaqələndiriləcək. Təşəbbüs Egey dənizi ilə Qara dəniz arasında yeni logistika dəhlizinin formalaşdırılmasını nəzərdə tutur.

Layihənin icrası ilə bağlı məsələlər Salonikidə keçirilən Qara dəniz–Egey Dəhlizi Platformasının üçüncü iclasında müzakirə olunub. Yunanıstanın nəqliyyat naziri Xristos Dimas bildirib ki, yeni dəhliz yalnız regional deyil, ümumavropa əhəmiyyətli layihədir və gələcəkdə Baltik dənizi istiqamətində uzanan nəqliyyat marşrutlarının mühüm hissəsinə çevrilə bilər.

Təhlildə qeyd olunur ki, son illərdə Avropa ilə Asiya arasında alternativ nəqliyyat marşrutlarına marağın artması layihənin strateji əhəmiyyətini daha da yüksəldib. Xüsusilə Qara dəniz regionunda baş verən geosiyasi dəyişikliklər fonunda Avropa İttifaqı yükdaşımaların və təchizat zəncirlərinin şaxələndirilməsinə xüsusi diqqət yetirir.

Məqalədə Avropa Komissiyasının davamlı nəqliyyat və turizm üzrə komissarı Apostolos Tsitsikostasın fikirlərinə də yer verilir. O bildirib ki, layihə nəqliyyat imkanlarının genişləndirilməsi ilə yanaşı, Avropa İttifaqının iqtisadi dayanıqlığının və təhlükəsizliyinin gücləndirilməsinə də töhfə verəcək. Yeni dəhliz eyni zamanda NATO-nun hərbi mobillik imkanlarının artırılması baxımından da mühüm əhəmiyyət daşıyır.

Layihə çərçivəsində Rumıniya və Bolqarıstan arasında Dunay çayı üzərində yeni körpülərin inşası da nəzərdə tutulur. Bu addım regionda nəqliyyat əlaqələrinin sürətlənməsinə, yük axınının artmasına və sərhəd keçidlərindəki problemlərin aradan qaldırılmasına xidmət edəcək.

“G4Media” qeyd edir ki, layihənin reallaşması Qara dəniz hövzəsinin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Bu proses Orta Dəhlizin inkişafı ilə də sıx bağlıdır. Avropa ilə Asiyanı birləşdirən nəqliyyat marşrutlarının genişlənməsi fonunda Qafqaz və Xəzər regionunun rolu da yüksəlir.

Məqalədə Azərbaycanın da bu prosesdə mühüm mövqeyə malik olduğu vurğulanır. Son illərdə Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Orta Dəhliz çərçivəsində həyata keçirilən layihələr Azərbaycanın Avropa ilə Asiya arasında əsas tranzit mərkəzlərindən birinə çevrilməsinə şərait yaradıb.

Müşahidəçilərin fikrincə, Yunanıstan, Bolqarıstan və Rumıniyanı birləşdirəcək yeni nəqliyyat dəhlizi Qara dəniz və Balkan regionunda iqtisadi inteqrasiyanı gücləndirməklə yanaşı, Azərbaycan və digər Orta Dəhliz iştirakçıları üçün də Avropa bazarlarına çıxış imkanlarını genişləndirəcək. Bu baxımdan layihə yalnız regional deyil, bütövlükdə Avrasiya nəqliyyat sisteminin gələcəyi üçün strateji əhəmiyyət daşıyır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: