BMT-nin qlobal təhsil fondunun çərşənbə axşamı yayımlanan yeni hesabatına görə, münaqişələr, köçkünlük, iqlim şokları dünyada təxminən 258 milyon məktəbyaşlı uşaq və yeniyetmənin təhsilini pozur və milyonlarla insanın təkcə illərlə təhsil almasını deyil, həm də gələcək imkanlarını tamamilə itirmək riski ilə üz-üzə qalacağı qorxusunu artırır.
NUHÇIXAN təşkilatın məlumatına istinadla xəbər verir ki, BMT-nin böhran vəziyyətlərində təhsil üzrə “Təhsil gözləyə bilməz” (ECW) qlobal fondu tərəfindən hazırlanan “Maneələri aradan qaldırmaq: Böhranlarda təhsildən kənarda qalmanı anlamaq” adlı hesabatı dünyanın ən həssas icmalarının bəzilərində təhsil sahəsində fövqəladə vəziyyətinin ən aydın mənzərələrindən birini göstərir.
Qeyd olunur ki, münaqişələrdən və iqlim böhranından təsirlənən uşaqlar arasında 93 milyon azyaşlı məktəbdən tam kənarda qalıb. Daha milyonlarla insan təhsil alır, lakin irəliləyişi sarsıdan və nəticədə təhsildən çıxma ehtimalını artıran şərtlər altında yetərincə bilik öyrənə bilmir. Bir çox uşaq üçün sinifdə olmaq normal təhsilə zəmanət vermir.
Hesabatda qeyd olunur ki, 20 ən yüksək böhran vəziyyətində yaşayan təqribən 182 milyon uşaqdan 74 milyonu və ya məktəbdən kənar böhrandan təsirlənən bütün azyaşlıların təxminən 80 faizi məktəbdən kənarda qalıb.
Tədqiqatçılar böhran şəraitində yaşayan uşaqlar erkən mərhələdə təməl bacarıqlardan geri qalır və onları heç vaxt bərpa edə bilmirlər. Bəzi hallarda hər 10 uşaqdan biri ibtidai siniflərdə əsas oxu bacarıqlarını nümayiş etdirir, amma öyrənmə boşluqları zamanla artır. Həmçinin evlərindən zorla çıxarılan uşaqlar ən böyük çətinliklərlə üzləşirlər. Burkina-Faso, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Mali və Somalidə aparılan təhlillər göstərib ki, köçkün uşaqların təhsildə irəliləmə nisbəti bu kateqoriyadan olmayan həmyaşıdları ilə müqayisədə daha aşağı olur.
Bundan əlavə, qızlar, qaçqınlar və əlilliyi olan uşaqlar təhsillərini davam etdirməkdə qeyri-mütənasib dərəcədə yüksək maneələrlə üzləşirlər, münaqişələr isə öyrənmə itkilərini daha da dərinləşdirir və uzadır.
Lakin hesabatda dözümlülüyə də diqqət çəkilir. Təhlükəsizliyə və maliyyə çətinliklərinə baxmayaraq, ailələr təhsilə üstünlük verməyə davam edirlər. Təhsildən yayınma hallarının təxminən 80 faizini maliyyə maneələri və münaqişə ilə əlaqəli məktəblərin bağlanması təşkil edir
ECW direktoru Maysa Jalbout bildirib: “Böhranlarda təhsilə dəstək vermək ailələrin, hökumətlərin və donorların iqtisadi imkanlara uzunmüddətli investisiyalarını qorumalı olduqları sığorta siyasətidir”. O, münaqişələrin və iqlim dəyişikliyinin illərlə davam edən irəliləyişi geri çevirdiyi barədə xəbərdarlıq edib və təhsil itkilərinin daimi hala gəlməsinin qarşısını almaq üçün təcili investisiya qoyuluşuna çağırıb. Direktor diqqətə çatdırıb ki, onun rəhbərlik etdiyi fond yarandığı gündən bəri böhrandan təsirlənən 14 milyondan çox uşağa yardım edib və 2030-cu ilə qədər daha 10 milyon məktəbliyə köməklik göstərəcək.
