Hörmüz boğazından keçən tankerlərin sayının artması, neft və neft məhsullarının axınının nisbətən normal vəziyyətə qayıtması və ABŞ-İran danışıqlarında irəliləyişlərin əldə olunması fonunda dünya birjalarında neft qiymətləri ucuzlaşmağa davam edir.
NUHÇIXAN xəbər verir ki, hazırda “Brent” markalı xam neftin bir bareli 76 dollara, “Light” nefti isə 72 dollara ticarət olunur.
Analitiklərə görə, tankerlərin açıq şəkildə Hörmüz boğazından keçməsi gəmi sahibləri arasında artan etimaddan xəbər verir. Çünki Beynəlxalq Dəniz Təşkilatı yüzlərlə gəminin Körfəzdən çıxmasına imkan verən təhlükəsizlik zəmanətləri aldığını açıqlayıb. İran və Oman isə Hörmüz boğazının idarə olunması, o cümlədən tranzit xərcləri ilə bağlı razılaşma üzərində işləməyə başladıqlarını bildirib. Bu, rəsmi Tehranın tranzit üçün ödəniş tələb edə biləcəyi ilə bağlı narahatlıqları artırıb. Həmçinin Oman bütün gəmilər üçün açıq olan müvəqqəti dəniz dəhlizi yaratmaq seçimi ilə bağlı Beynəlxalq Dəniz Təşkilatı ilə koordinayisa yaradıldığını açıqlayıb. Hazırda bütün gəmilər üçün açıq olan müvəqqəti dəniz dəhlizi seçimi qiymətləndirilir və bu dəhlizdən istifadə etmək istəyən gəmilər IMO vasitəsilə əlaqələndirilməlidir. Omanın Nəqliyyat Nazirliyindən isə bildirilib ki, beynəlxalq dəniz hüququ çərçivəsində və ABŞ ilə İran arasında uğurlu diplomatik təşəbbüslərə uyğun olaraq Hörmüz boğazında gəmilərin keçidi heç bir ödənişsiz davam edir.
Gəmi izləmə şirkətlərinin məlumatına görə, iyunun 18-22-də Hörmüz boğazından gündəlik orta hesabla 34 olmaqla ümumilikdə 180-dək tanker keçib. Bu, müharibədən əvvəlki səviyyənin təxminən 25 faizini təşkil edir.
Qeyd edək ki, fevralın 28-də ABŞ/İsrail-İran müharibəsi başlamamışdan əvvəl Hörmüzdən gündəlik təxminən 130 ticarət gəmisi keçirdi. Lakin bu rəqəm müharibə zamanı bəzi günlərdə 1-ə qədər azalmış və müharibənin 100 günündə orta hesabla 10 ticarət gəmisi boğazdan keçmişdi. Beləliklə, ticarət gəmilərinin hərəkəti müharibədən əvvəlki səviyyələrlə müqayisədə 95 faizə qədər azalmışdı.
