Böyük Britaniyada müşahidə olunan rekord istilər səbəbindən İngiltərə və Uelsdə 1000-dən çox məktəb ya fəaliyyətini dayandırıb, ya da dərsləri vaxtından əvvəl başa vurub.
NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, sinoptiklərin proqnozuna görə, İngiltərənin cənubunda bu gün havanın temperaturu 37 dərəcəyədək yüksələcək. Mütəxəssislər bildirirlər ki, yüksək rütubət səbəbindən hiss olunan temperatur bundan da artıq ola bilər.
Böyük Britaniyanın Meteorologiya Xidməti İngiltərə və Uelsin bəzi bölgələri üçün verilmiş qırmızı səviyyəli ekstremal istilik xəbərdarlığının əhatə dairəsini genişləndirib. Cümə axşamı gecə saatlarınadək qüvvədə qalacaq xəbərdarlıq ölkənin cənub hissəsinin daha geniş ərazilərini əhatə edir.
Qırmızı xəbərdarlıq verilən ən yüksək təhlükə səviyyəsi hesab olunur və insanların həyatı üçün risk yarada biləcəyini göstərir. Həmçinin nəqliyyat sistemində ciddi gecikmələrin və fasilələrin baş verə biləcəyi qeyd olunur. Dəmir yolu operatorları sərnişinlərə zəruri olmayan səfərlərdən çəkinməyi tövsiyə ediblər. Eyni zamanda, şənbə günü üçün İngiltərənin cənub və şərq bölgələrində narıncı səviyyəli istilik xəbərdarlığı elan olunub.
