Fransa son illərin ən isti hava dalğalarından biri ilə üzləşib. Ölkənin meteorologiya xidməti olan “Meteo-France” bu gün üçün 72 departamentdə qırmızı səviyyəli xəbərdarlıq elan edib. Bu, indiyədək qeydə alınmış ən yüksək xəbərdarlıq səviyyələrindən biri hesab olunur və 51 milyondan çox insanı, yəni metropoliten Fransa əhalisinin dörddə üçündən çoxunu əhatə edir.
NUHÇIXAN xəbər verir ki, havanın həddindən artıq isti keçməsi artıq ölkənin bir sıra bölgələrində ciddi problemlərə səbəb olub. Bretan və Cənub-qərb regionları başda olmaqla müxtəlif ərazilərdə on minlərlə ev təsərrüfatı elektrik enerjisiz qalıb.
Yüksək temperatur nəqliyyat sektoruna da təsir göstərib. Regional dəmir yolu daşımalarında ciddi məhdudiyyətlər tətbiq olunub. Xüsusilə Yeni Akvitaniya regionunda TER qatarlarının hərəkəti saat 10:00-dan18:00-dək dayandırılıb və bu tədbirin ən azı cümə gününə qədər qüvvədə qalacağı bildirilib.
Paytaxt Parisdə isə bələdiyyə rəhbərliyi istilərlə mübarizə məqsədilə “canicule” planının 4-cü səviyyəsini aktivləşdirib. Bu çərçivədə rayon bələdiyyələrində sərinlədici məkanlar istifadəyə verilib, parkların gecə saatlarında açıq saxlanılması qərara alınıb və həssas əhali qruplarına göstərilən dəstək gücləndirilib.
Səhiyyə qurumları isti hava ilə əlaqədar təcili tibbi yardıma müraciətlərin artdığını bildirirlər. Məlumata görə, yüksək temperaturun təsirləri bütün yaş qruplarında müşahidə olunur. Tibb mütəxəssisləri yaxın günlərdə vəziyyətin daha da ağırlaşa biləcəyindən narahat olduqlarını qeyd edirlər.
“Meteo-France”nin açıqlamasına görə, Fransa çərşənbə axşamı ölkə üzrə orta maksimum temperatur göstəricisində yeni rekord müəyyən edib. Ölkə üzrə orta maksimum temperatur 38,2 dərəcəyə çataraq, 2003-cü ilin məşhur isti hava dalğası zamanı qeydə alınmış əvvəlki rekordu geridə qoyub.
İqlim üzrə mütəxəssislər xatırladırlar ki, qlobal istiləşmənin təsiri nəticəsində bu cür ekstremal hava hadisələrinin gələcəkdə daha tez-tez baş verməsi və intensiv xarakter alması gözlənilir.
