ABŞ və İran arasında sülh razılaşması imzalanmadan əvvəl Hörmüz boğazından keçən neftin həcmi gündəlik təxminən 7 milyon barel idi və hazırda bu rəqəm 20 milyon barelə çatıb.
NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt deyib.
O bildirib ki, Hörmüz boğazından son 24 saat ərzində təxminən 72 gəmi və 20 milyon barel neft daşınıb. Boru kəmərləri vasitəsilə daşınmalarla bağlı isə Kris Rayt deyib ki, Körfəzdən neft axını hazırda münaqişədən əvvəlkindən daha yüksək səviyyədədir.
Nazir İranın gəmiçilik zolağında minalar yerləşdirməsinin Hörmüz boğazında axını gecikdirdiyini, boğazın minalardan tam təmizlənməsi və vəziyyətin normala olması üçün bir neçə həftəlik iş tələb olunduğunu əlavə edib: “ABŞ İranla razılaşma olub-olmamasından asılı olmayaraq Körfəzdən enerji axınını təmin edə biləcək”.
Qeyd edək ki, Hörmüz boğazı qlobal miqyasda neft və neft məhsulları daşımalarının təxminən 20 faizinin keçdiyi vacib enerji tranzit nöqtəsidir. 2025-ci ildə Hörmüz boğazından gündəlik orta hesabla 20 milyon barel xam neft və neft məhsulları daşınıb. Bu göstərici qlobal miqyasda dəniz yolu ilə neft ticarətinin təxminən 25 faizini təşkil edir. Hörmüz, eyni zamanda, qlobal LNG ixracının təxminən 20 fazinin daşındığı enerji nəqliyyatı marşrutudur.
