Fransada davam edən güclü isti hava dalğası quşçuluq təsərrüfatlarında böyük itkilərə səbəb olub. Son günlər ölkənin müxtəlif bölgələrində yüz minlərlə toyuq, və digər ev quşları tələf olub. Bəzi təsərrüfatlarda cəmi bir gecə ərzində 10 minə qədər quşun öldüyü bildirilir.
NUHÇIXAN xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, quşlar tərləmədikləri üçün yüksək temperatura qarşı xüsusilə həssasdırlar. Onlar bədən istiliyini yalnız nəfəsalma yolu ilə tənzimləyə bilirlər. Temperatur 30 dərəcəni keçdikdə nəfəsalma sürətlənir, nəticədə quşlar oksigen çatışmazlığı və istilik şoku səbəbindən qısa müddətdə tələf ola bilirlər.
Fermerlər bildirirlər ki, bəzi quşçuluq binalarında temperatur 38–39 dərəcəyə qədər yüksəlib. Belə şəraitdə quşlar nəfəs almaqda çətinlik çəkir, bir yerə toplaşaraq vəziyyəti daha da ağırlaşdırır və kütləvi şəkildə ölürlər. Açıq sahədə saxlanılan quşlar da təhlükədən kənarda deyil. Güclü günəşdən qorunmaq üçün binalara sığınmaları orada temperaturun daha da artmasına səbəb olur.
İtkilərin qarşısını almaq üçün təsərrüfatlarda havalandırma sistemləri və su dumanlandırıcı qurğularından istifadə edilir. Bununla belə müasir soyutma sistemlərinin yüksək qiyməti bir çox fermer üçün ciddi problem olaraq qalır.
Alimlər isə iqlim dəyişikliyinə uyğunlaşmaq məqsədilə daha dözümlü quş cinslərinin yetişdirilməsi və xüsusi yem əlavələrinin hazırlanması üzərində çalışırlar. Xatırladaq ki, 2003-cü ildə Fransada baş vermiş güclü istilər nəticəsində təxminən 5 milyon toyuq və hinduşka tələf olub, bu da ölkənin ümumi quşçuluq ehtiyatının təxminən 2 faizini təşkil edib.
