Avropa Komissiyası Rusiya-Ukrayna müharibəsi nəticəsində ölkəni tərk etmiş şəxslər üçün tətbiq olunan müvəqqəti müdafiə mexanizminin daha bir il müddətinə uzadılmasını təklif edib.
NUHÇIXAN xəbər verir ki, təklifə əsasən, Avropa İttifaqında yaşayan ukraynalılar üçün müvəqqəti müdafiə statusunun müddətinin 2028-ci il martın 4-dək uzadılması nəzərdə tutulur. Komissiya bunu Ukraynada təhlükəsizlik vəziyyətinin hələ də qeyri-sabit qalması və müdafiəyə ehtiyacı olan insanların hüquqi statusunun qorunmasının vacibliyi ilə izah edib.
Eyni zamanda, yeni qaydalara əsasən, Ukrayna hakimiyyətinin hərbi öhdəliklərlə bağlı ölkədən çıxışına icazə vermədiyi şəxslərə müvəqqəti müdafiə statusunun avtomatik qaydada şamil olunması nəzərdə tutulmur.
Komissiya üzv dövlətləri müvəqqəti müdafiə rejimindən mərhələli çıxış üçün hazırlıqları gücləndirməyə çağırıb. Bu çərçivədə ukraynalıların daha uzunmüddətli yaşayış statusuna keçidi, eləcə də şərait imkan verdiyi zaman onların vətənə qayıdışı və yenidən inteqrasiyası üçün tədbirlər görülməsi planlaşdırılır.
Bundan başqa, Ukraynaya qayıtmaq istəyən şəxslərə iş, mənzil və təhsil sahələrində dəstək göstərilməsi məqsədilə könüllü qayıdış və bərpa proqramının hazırlanması nəzərdə tutulur.
