Numan Kurtulmuş: NATO-nun bəzi ölkələrinin müdafiə sənayesi sahəsində embarqoları müttəfiqlik ruhuna ziddir
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bildirib ki, NATO-nun bəzi üzvlərinin müdafiə sənayesi məhsulları ilə bağlı Alyans çərçivəsində davam etdirdiyi embarqolar son dərəcə birtərəfli, mənasız və ittifaqın ruhuna ziddir.
NUHÇIXAN “Anadolu” agentliyinə istinadla xəbər verir ki, NATO-nun parlament sədrlərinin Zirvə görüşü İstanbulda TBMM spikeri N. Kurtulmuşun ev sahibliyi ilə başlayıb.
Dolmabahçe sarayında keçirilən sammitin açılışında çıxış edən Kurtulmuş diqqətə çatdırıb ki, NATO ölkələri parlamentlərinin birinci sammiti Vaşinqtonda, ikincisi isə Brüsseldə keçirilib. İstanbuldakı bu görüş onun daimi bir tədbirə çevirəcəyinə ümid yaradır.
NATO ölkələri liderlərinin qatılacağı Alyansın dövlət başçıları sammitinin 7-8 iyul tarixlərində Ankarada keçiriləcəyini xatırladan Kurtulmuş deyib: “Bu görüş, xüsusən də yaşadığımız dövrün şərtləri baxımından son dərəcə vacibdir. Həm NATO-nun gələcəyi ilə bağlı fikirləri müzakirə etmək, həm də strateji məsələləri gündəmə gətirmək baxımından zəruridir”.
Kurtulmuş bəşəriyyətin tarixinin ən çətin və dağıdıcı dövrlərindən birini yaşadığını bildirib və sözlərinə davam edib: “Dünyada güc balansı dəyişir. Texnologiya böyük sürətlə inkişaf edir. Təkqütblü dünyanın geridə qaldığı, çoxqütblülüyün və çoxmərkəzçiliyin hakim olmağa başladığı yeni bir mərhələyə qədəm qoyuruq. Bu mərhələdə münaqişələrin, gərginliklərin, müharibələrin və vətəndaş müharibələrinin bölgəmizi fövqəladə dərəcədə intensivliklə təhdid etdiyi göz qabağındadır. Yeni dövrün təqdim etdiyi problemləri köhnə dövrün vərdişləri ilə həll etməyin mümkün olmadığına inanırıq. Hər hansı məsələni yalnız təhlükəsizlik baxımından həll etməyin mümkün olmadığını düşünürük”.
TBMM spikeri bildirib ki, NATO hələ də dünyanın ən vacib təhlükəsizlik çətiridir. O əlavə edib: “Lakin aydındır ki, təkcə hərbi potensial kifayət deyil, silahlar NATO-nun, xüsusən də Avropa qitəsinin üzləşdiyi problemləri həll etmək üçün yetərsizdir. Buna görə də qarşıdakı dövrdə müdafiə qabiliyyətinin artırılması və üzv ölkələr öz aralarında həmrəyliyin gücləndirilməsi fonunda NATO gələcəkdə münaqişələrin necə həll olunacağı və təhlükəsizlik problemlərinin hansı sülh perspektivi ilə nizamlanacağı barədə düşünməlidir. Biz, həmçinin Alyansın təkcə təhlükəsizlik doktrinalarını deyil, həm də sülh doktrinalarını inkişaf etdirən beynəlxalq təşkilat kimi fəaliyyət göstərməsinin labüdlüyünə inanmalıyıq”.
