Qazaxıstan və Özbəkistan sərhədində yerləşən iki keçid məntəqəsi beynəlxalq nəzarət məntəqəsi statusu alacaq.
NUHÇIXAN “Kazinform” informasiya agentliyinə istinadla xəbər verir ki, Qazaxıstan Senatı Özbəkistanla 2006-cı ildə imzalanmış sərhəd keçidlərinə dair müqaviləyə dəyişiklikləri nəzərdə tutan protokolu təsdiqləyib.
Sənədə əsasən, Sırdərya-Malik və Tselinnı-Oqoltin keçid məntəqələri beynəlxalq status alacaq və 24 saatlıq iş rejiminə keçəcək. Yeni qaydalara əsasən, Tselinnı-Oqoltin keçidi sərnişin və yük daşımaları üçün, Sırdərya-Malik keçidi isə sərnişinlər və boş yük nəqliyyatı üçün fəaliyyət göstərəcək.
Bildirilib ki, dəyişikliklər iki ölkə arasında sərhəd daşımalarının daha səmərəli təşkilinə və yük axınının bölüşdürülməsinə imkan yaradacaq.
