NASA və FEMA-nın asteroidin Yerlə toqquşması ehtimalına qarşı təlimi keçirilir

A- A A+

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) və Federal Fövqəladə Vəziyyətləri İdarəetmə Agentliyinin (FEMA) asteroidin Yerlə toqquşması ehtimalına qarşı birgə təlimi keçirilir.

NUHÇIXAN CNN telekanalının saytına istinadla xəbər verir ki, hər iki agentliyin beynəlxalq qruplarla – NASA-nın Planetar Müdafiə Koordinasiya İdarəsi, Avropa Kosmik Agentliyinin Xəbərdarlıq Mərkəzi və Asteroidlərdən Xəbərdarlıq Şəbəkəsi ilə birlikdə keçirdikləri təlimdə asteroid, kometa və digər Yerətrafı obyektlərin planetimizlə toqquşması zamanı baş verəcək hadisələrə hazırlıq məsələləri diqqət mərkəzində olub. Qeyd olunub ki, digər təbii fəlakətlərə bənzəməyən bu hadisələrin olacağı təqdirdə böyük dağıntılara qarşı hazırlıqlı olmaq məqsədilə çevik tədbirlər görülməlidir.

Təlimin nəzəri hissəsində dünyanın müxtəlif yerlərindən gəlmiş alimlər Yeri “təhdid edən obyektlər” ətrafında fikir mübadiləsi aparırlar. Onlar asteroidin Yerlə təmas trayektoriyası üzrə göstəriciləri də ölçürlər. Bu göy cisimlərindən birinin yerə daha yaxın məsafədə olduğu və yüzdə bir ehtimalla 2027-ci ildə planetimizlə toqquşması nəticəsində yarana biləcək dağıntıların miqyası, fövqəladə vəziyyətlə bağlı qurumların və alimlərin qarşısında duran vəzifələr də müzakirə olunub.

NASA-nın Planetar Müdafiə Koordinasiya İdarəsinin əməkdaşı Lindli Conson bildirib ki, keçirilən təlim bu cür fəlakətlərin idarə edilməsi sahəsində xilasedicilərin davranış qaydalarını müəyyən etməkdə, həmçinin hökumət strukturlarının fəaliyyətinin əlaqələndirilməsində mühüm addımdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: