Avstraliyanın “Qantas” aviaşirkəti 2027-ci ilin oktyabr ayından etibarən dünyanın ən uzun fasiləsiz kommersiya uçuşunu həyata keçirməyə hazırlaşır. Xüsusi hazırlanmış Airbus A350-1000ULR təyyarəsi ilə Sidney–London marşrutu üzrə uçuş təxminən 19 saat davam edəcək və hazırkı birdayanacaqlı reyslərlə müqayisədə səyahət müddətini dörd saat azaldacaq.
NUHÇIXAN xəbər verir ki, şirkətin baş direktoru Vanessa Hadsonun sözlərinə görə, bu layihə “Qantas”ın 105 illik tarixində ən mühüm mərhələlərdən biridir. O bildirib ki, şirkətin əsas məqsədi Avstraliyanın coğrafi uzaqlığını beynəlxalq əlaqələr üçün maneəyə çevirməməkdir.
Uzunmüddətli uçuşlar üçün hazırlanmış Airbus A350-1000ULR əlavə 20 min litrlik yanacaq çəni ilə təchiz olunacaq. Bu isə təyyarəyə təxminən 22 saat havada qalmaq imkanı verəcək. Təyyarə, həmçinin “Rolls-Royce Trent XWB” mühərrikləri ilə təchiz ediləcək. 238 sərnişin tutumuna malik təyyarədə dörd xidmət sinfi nəzərdə tutulub. Sərnişinlərin 20 saata yaxın davam edən uçuş zamanı rahatlığını təmin etmək üçün xüsusi istirahət və sağlamlıq zonası yaradılacaq. Burada sərnişinlər dincələ, yuxu təbabəti və aviasiya mütəxəssisləri tərəfindən hazırlanmış fiziki məşqləri yerinə yetirə biləcəklər. Birinci sinifdə tam ölçülü çarpayı və ayrıca kreslo təqdim olunacaq, ekonom sinifdə isə adi təyyarələrdən daha geniş oturacaqlar quraşdırılacaq.
Sidney–London marşrutu istifadəyə verildikdən sonra “Qantas” Sidney-Nyu-York birbaşa reysini də açmağı planlaşdırır.
