ABŞ və İran arasında davam edən danışıqlar fonunda Hörmüz boğazında ticarət gəmilərinin hərəkəti son həftədə əvvəlki həftə ilə müqayisədə 50 faizdən çox artıb.
NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, Yaxın Şərqdəki müharibədən əvvəl gündə orta hesabla 130 ticarət gəmisinin keçdiyi, lakin fevralın 28-dən sonra nəqliyyatın dayandığı Hörmüz boğazında gəmilərin hərəkəti ABŞ-İran razılaşmasından sonra əhəmiyyətli dərəcədə artıb.
Bununla belə, boğazdan keçidlər hələ də müharibədən əvvəlki səviyyələrdən təxminən 70 faiz aşağıdır.
“Kpler” analitik şirkətinin məlumatlarına görə, iyunun 15-21-ni əhatə edən həftədə Hörmüz boğazından 223 gəmi keçib. Həmin həftə gündəlik orta hesabla 32 gəminin keçidi qeydə alınıb. Gündəlik ən aşağı trafik 18 gəmi ilə iyunun 15-də, ən yüksək trafik isə 50 gəmi ilə iyunun 20-də qeydə alınıb. İyunun 22-28-ni əhatə edən həftədə isə Hörmüz boğazından 343 gəmi keçib. Son həftə ərzində ticarət gəmilərinin orta gündəlik keçid sayı 49 olub, ən aşağı gündəlik trafik 24 gəmi ilə iyunun 28-də, ən yüksək trafik isə 76 gəmi ilə iyunun 24-də qeydə alınıb. İyunun 24-ü tarixi isə ABŞ/İsrail-İran müharibəsinin başlamasından - fevralın 28-dən bəri Hörmüz boğazında gəmi keçidləri üçün ən işlək gün olub. Beləliklə, boğazda trafik son həftədə əvvəlki həftə ilə müqayisədə təxminən 54 faiz artıb. Ötən gün isə boğazdan azı 6 milyon barel xam neft daşıyan 40 gəmi keçib.
Ekspertlərin fikrincə, ABŞ və İran arasında danışıqlardakı qeyri-müəyyənlik səbəbindən treyderlər hələ də Hörmüz boğazından keçidlərə ehtiyatla yanaşırlar. Ötən müddətdə boğazdan keçən ticarət gəmiləri əsasən İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İraq və Küveytdən xam neft və neft məhsulları daşıyan tankerlər olub. Hörmüz boğazından keçən gəmilərin əksəriyyəti İran sularında təyin olunmuş marşrutdan istifadə etməyə davam etsə də, keçidlərin əksəriyyətini kölgə donanmaları və sanksiyalara məruz qalan gəmilər təşkil edib.
