Mark Rutte: NATO-nun sammiti 3 minə yaxın müdafiə şirkəti olan əsas mərkəzdə - Türkiyədə keçiriləcək
NATO-nun Baş katibi Mark Rutte müttəfiqlərin müdafiə xərcləri ilə bağlı öhdəliklərini yerinə yetirməli və sənaye istehsalını artırmalı olduqlarını qeyd edərək bildirib ki, Türkiyə təxminən 3 min müdafiə şirkətinə malik olan əsas mərkəzdir.
NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, Alyansın rəhbəri sammit ərəfəsində verdiyi bəyanatda vurğulayıb: “NATO-nun bu sammiti ABŞ-dən həddindən artıq asılı olduğumuz əvvəlki tədbirdən fərqlidir”. O, gələn həftə Türkiyənin paytaxtı Ankarada keçiriləcək NATO sammitinin “təminat və icra zirvəsi” olacağını qeyd edərək bildirib ki, hərbi xərclər, Ukraynaya dəstək və müdafiə sənayesi istehsalı Alyansın əsas prioritetləridir.
“Anadolu” agentliyinə müsahibə verən Rutte müttəfiqlərin ötən il Haaqa şəhərində keçirilən NATO Zirvə Toplantısında, xüsusən də müdafiə xərclərinin artırılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsinin diqqət mərkəzində olacağının gözlənildiyini bildirib. O, Avropa müttəfiqlərinin və Kanadanın müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artdığını və son iki ildə təxminən 250 milyard dollar əlavə vəsait ayrıldığını qeyd edib.
Rutte, həmçinin NATO-nun Ukraynaya dəstəyini davam etdirməli olduğunu və Alyansda müdafiə sənayesi istehsalının artırılmasının vacibliyini diqqətə çatdırıb: “Müdafiə sənayesi istehsalını həqiqətən artırmalıyıq, çünki bu, bizim çəkindirmə mexanizmimizin ayrılmaz hissəsidir. Təəssüf ki, istehsal müddətləri çox uzun olaraq qalır və irəliləyişlərə baxmayaraq, məhsuldarlıq kifayət qədər deyil”.
Türkiyənin rolunu vurğulayan Rutte, bu ölkənin təxminən 3 min şirkət ilə əsas müdafiə sənayesi mərkəzinə çevrildiyini bildirib. O, genişlənən müdafiə sənayesi bazasına və artan texnoloji imkanlarına istinad edərək əlavə edib ki, Türkiyə Alyans üçün vacib ölkədir.
Rutte hər üç prioritet üzrə irəliləyiş əldə edildiyini deyib, lakin sammit zamanı bunlardan birinin dominant məsələ kimi ortaya çıxa biləcəyini bildirib: “Ümumiyyətlə, işlər yaxşılaşır, amma düşünürəm ki, bu üç prioritetdən biri ən mühüm olacaq. Sammitin açılışı günündə NATO Müdafiə Sənayesi Forumunda bu məsələnin əsas diqqət mərkəzində olacağı gözlənilir”.
İyulun 7-8-də Ankarada keçiriləcək sammit NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarını bir araya gətirəcək. Bu, alyansın 36-cı zirvəsi və 2004-cü ildə İstanbulda keçirilən sammitdən sonra Türkiyənin ev sahibliyi etdiyi ikinci mötəbər tədbir olacaq.
