“Bloomberg”: Avropanın ABŞ-dən asılılığı azaldıqca, Türkiyənin NATO-dakı rolu artır

A- A A+

Avropa ölkələrinin ABŞ-nin hərbi dəstəyindən asılılığı azaltmaq və öz müdafiə qabiliyyətlərini artırmaq səyləri fonunda Türkiyənin NATO-dakı rolu artmaqdadır.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin məqaləsində deyilir.

Qeyd olunur ki, Ankara öz hərbi-sənaye kompleksinin inkişafı və artan silah ixracatı sayəsində alyansın getdikcə daha vacib üzvünə çevrilir. Türkiyə şirkətləri NATO müttəfiqlərini dronlar, zirehli maşınlar, gəmilər, döyüş təlim təyyarələri və elektron müharibə sistemləri də daxil olmaqla, geniş çeşiddə məhsullarla təmin edir.

Həmçinin bildirilir ki, Türkiyənin artan rolu ABŞ-nin bölgədəki hərbi mövcudluğunun azaldılması və Ukraynada davam edən müharibədən sonra Avropa dövlətlərinin təhlükəsizliyə yanaşmalarının dəyişməsi ilə əlaqədardır.

Ekspertlərin sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdan gələn NATO sammitindən ölkəsinin alyans daxilində mövqeyini gücləndirmək üçün istifadə etmək niyyətindədir. Ankara, eyni zamanda müdafiə xərclərinin müttəfiqlər arasında daha ədalətli bölüşdürülməsinə və hərbi məhsulların ticarətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına nail olmağa çalışacaq.

Qeyd edək ki, 2024-cü ildə Türkiyənin silah ixracının təxminən 56 faizi ABŞ-yə, Avropa ölkələrinə və digər NATO müttəfiqlərinə yönəlib. 2020-ci ildən bəri Türkiyənin hərbi-sənaye kompleksinin xarici satışlarının həcmi dörd dəfə artaraq ildə təxminən 10 milyard dollara çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: