Mərkəzi Afrika Respublikasında üsyançıların şəhərə hücumu nəticəsində 28 nəfər həlak olub

A- A A+

Mərkəzi Afrika Respublikasının (MAR) şimal-şərqindəki Am Dafok şəhərinə üsyançıların hücumu nəticəsində 28 nəfər həlak olub.

NUHÇIXAN “Ndeke Luka” radiosuna istinadən xəbər verir ki, Sudanla sərhədə yaxın yerləşən şəhərin paytaxt Bangi ilə əlaqəsi kəsilib. İddiaya görə, Am Dafok şəhəri üsyançıların nəzarəti altındadır. Yerli sakinlərin evlərindən qaçaraq Birləşmiş Millətlər Təşkilatının MAR-dakı sülhyaratma missiyasının (MINUSCA) bazasına sığındıqları bildirilir.

İyunun 30-da baş verən hücumda öldürülənlərdən başqa, daha 25 nəfərin yaralandığı qeyd olunub. Vəziyyəti ağır olanlar Birao və Bria şəhərlərindəki xəstəxanalara təxliyə edilib.

Hakimiyyət əvvəlki açıqlamasında şəhərin hökumət qüvvələrinin nəzarəti altında olduğunu bildirmişdi. Rabitə naziri və hökumət sözçüsü Evariste Nqamana Sudandan silahlı şəxslərin gəldiyini, müdafiə və təhlükəsizlik qüvvələrinin müttəfiqlərin dəstəyi ilə hücumu dəf etdiyini və qalan üsyançıları tapmaq üçün patrul xidməti apardığını bildirib. Lakin Am Dafokdan olan millət vəkili Valentin Qumba deyib ki, hələ də şəhərə silahlı şəxslər nəzarət edirlər.

MINUSCA əvvəllər Am Dafoka hücumu və ərazidəki bazanın atəşə tutulmasını pisləyib. Missiya tərəfləri beynəlxalq humanitar hüquqa riayət etməyə və mülki şəxsləri qorumağa çağırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: