Ermənistanda siyasi çəkişmələrin miqyası artır. Məmurlar arasında baş verən narazılıqlar vəziyyəti daha da gərginləşdirir. Nikol Paşinyanla Ermənistan parlamentinin deputatı Qaqik Sarukyan arasında davam edən ziddiyyətdən deputata məxsus ticarət mərkəzlərində çalışan sahibkarlar zərər görür. Buna etiraz edən ticarət işçiləri tətil elan ediblər.
NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, bir aya yaxındır Yerevanda ən böyük ticarət mərkəzi olan “Arınc-Mol”da aparılan süni vergi yoxlamaları sahibkarların əsəblərini tarıma çəkib. Onlar normal şəraitdə işləmək istədiklərini deyirlər. Bildirilir ki, vergi müfəttişləri səhər 8-dən axşama kimi mağazalarda axtarış aparırlar. Bu isə istər satıcıları, istərsə də alıcıları narahat edir. “Bu ölkə başsız qalıb. Kimin kimdən xoşu gəlmir bir-birindən qisas almağa başlayır. Nə axtarırlar, nə yoxlayırlar heç nə analamaq olmur. Sadəcə işimizə süni maneələr yaradırlar. Bazara gələn müştərilərə deyirlər nə üçün gedib başqa yerlərdən alış-veriş etmirsən. Axı Paşinyan xalqa söz vermişdi ki, baş nazir seçilən kimi, ilk növbədə, işsizlərin problemləri ilə yaxından maraqlanacaq. Amma əvəzində işsiz ordusu yaradır. Bir ildə nə qədər mağazalar fəaliyyətini dayandırıb. Bu gün bu ticarət mərkəzində 520 mağazadan demək olar yarısı işləmir. Görün nə qədər ailənin ac qalmaq təhlükəsi var. “Başqa heç yerdə iş tapmaq mümkün deyil”, - dəyə etirazçılar narazılıq edirlər.
Qeyd edək ki, oxşar hadisə “Arınc-Mol” ticarət mərkəzinin Abovyan şəhərindəki filialında da davam edir. Bu ticarət mərkəzində təqribən 300 nəfər çalışır. Son 1 aydır burada da yoxlamalar davam edir. Etirazçılardan Armen Nersisyanın sözlərinə görə, müfəttişlər özlərini ticarət obyektinin sahibi kimi aparırlar. Onlara lazımsız göstərişlər verirlər. Ticarətçilər özlərinə qarşı kobud münasibətdən də narazıdırlar. Sahibkarlar sadəcə Nikol Paşinyanla Qaqik Sarukyan arasındakı çəkişmələrin qurbanıdırlar. Bu şəxslərin arasında baş verən qarşıdurma onlara maraqlı deyil. Oliqarx deputata məxsus ticarət mərkəzində çalışanları öz taleləri narahat edir.