Fransanın cənubunda meşə yanğınları davam edir. Hazırda ölkə üzrə 30-dan çox yanğın ocağının söndürülməsi üçün 2000 yanğınsöndürən səfərbər edilib, minlərlə sakin isə təhlükəsizlik məqsədilə təxliyə olunub.
NUHÇIXAN xəbər verir ki, ən ciddi vəziyyət Pireney-Oriental departamentində qeydə alınıb. Burada Sainte-Marie-la-Mer qəsəbəsində başlayan yanğın Canet-en-Roussillon istiqamətində yayılıb. Dünən axşam saatlarında 3000 nəfər təxliyə edilib. Prefekturanın məlumatına görə, yanğın nəzarət altına alınıb.
Hadisə nəticəsində bir uşaq da daxil olmaqla altı mülki şəxs yüngül xəsarət alıb. İki könüllü yanğınsöndürən yaralanıb, yeddi bələdiyyə polisi isə tüstüdən zəhərlənmə əlamətləri ilə yerində müalicə olunub.
Fransa yanğınsöndürmə xidmətinin nümayəndəsi Erik Brokardi ölkənin müxtəlif yerlərində yanğın riskinin yüksək olduğunu bildirib.
Baş nazir Sebastyan Lökornü deyib ki, yay mövsümünün əvvəlindən indiyədək Fransada təxminən 7000 yanğın hadisəsi qeydə alınıb.
