Fransa parlamentində hökumətə qarşı etimadsızlıq təklifinə baxılacaq

A- A A+

Fransa parlamentində Ekoloqlar Partiyasının Baş nazir Sebastyən Lökornü hökumətinə qarşı etimadsızlıq təklifinə iyulun 7-də baxılacaq.

NUHÇIXAN xəbər verir ki, təklifi irəli sürən partiya hökuməti iqlim dəyişikliyinə və bu il müşahidə edilən istilik dalğasına hazır olmamaqda ittiham edir.

Təşəbbüs Ekoloqlar fraksiyasının rəhbəri Siriyel Şatölən tərəfindən irəli sürülüb.

Təklifin həyata keçməsi üçün Milli Assambleyada 289 deputatın dəstəyi tələb olunur. Hazırda Ekoloqlar Partiyası “Əyilməz Fransa” Partiyasının və bəzi solçu deputatların dəstəyini alsa da, bu say kifayət etmir.

Sosialist Partiyasında bu məsələ ilə bağlı fikir ayrılığı var. Partiyanın üzvlərinin bir hissəsi təşəbbüsü dəstəkləməyə meyilli olsa da, digərləri bu addımı məqsədəuyğun hesab etmirlər.

Milli Birlik Partiyası da təklifə ehtiyatla yanaşır. Partiyanın rəhbərliyi hökuməti tənqid etsə də, hazırkı vəziyyətdə etimadsızlıq təşəbbüsünü dəstəkləmək niyyətində olmadığını bildirib.

Müşahidəçilərin fikrincə, təklifin qəbul olunması və hökuməti istefaya göndərilməsi şansı olduqca aşağıdır. Hətta Ekoloqlar fraksiyası daxilində də bəzi deputatlar bu təşəbbüsün daha çox siyasi mesaj vermək məqsədi daşıdığını və real nəticə əldə etmək ehtimalının zəif olduğunu etiraf edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: