Fransa Hərbi Dəniz Qüvvələrinin “De Grasse” yeni nüvə hücum sualtı gəmisi rəsmi şəkildə donanmaya təhvil verildikdən sonra Tulon hərbi bazasına çatıb.
NUHÇIXAN xəbər verir ki, Barracuda proqramı çərçivəsində inşa edilən və “Suffren” sinfinə aid dördüncü sualtı gəmi ilin sonuna qədər aktiv xidmətə qəbul ediləcək.
Fransa mətbuatının məlumatına görə, “De Grasse” əvvəlki nəsil sualtı gəmilərlə müqayisədə bir sıra texnoloji yeniliklərlə təchiz olunub. Hərbi sirr səbəbindən bu yeniliklərin detalları açıqlanmasa da, əsas inkişaflardan birinin rəqəmsallaşdırmanın olduğu bildirilir. Gəminin komandiri deyib ki, ekipaj üzvləri artıq sualtı qayığın bütün sistemləri haqqında məlumatlara rəqəmsal şəkildə çıxış əldə edə bilirlər.
Yeni gəminin ekipajı azı 70 nəfərdən ibarət olacaq, zərurət yaranarsa, bu say 75–76-a qədər artırıla bilər. Bundan əlavə, qayıqda xüsusi təyinatlı dəniz qüvvələrinin yerləşdirilməsi də mümkündür. Göyərtə modulundan pilotsuz uçuş aparatları, robot sistemlər və uzaqdan idarəolunan sursatların istifadəsi nəzərdə tutulur.
Fransa Müdafiə Nazirliyi “De Grasse”ın uzunmüddətli sınaq missiyasını başa vurduqdan sonra ilin sonuna qədər tam döyüş hazırlığı vəziyyətinə gətiriləcəyini bildirir.
Barracuda proqramı çərçivəsində bundan sonra daha iki nüvə hücum sualtı gəmisinin – “Rubis”in və “Casabianca”nın təhvil verilməsi planlaşdırılır. “Rubis”in tikintisi artıq 80 faiz tamamlanıb, “Casabianca” isə 2029-cu ildə Fransa donanmasına təhvil veriləcək. Bu sualtı gəmilər Fransa Hərbi Dəniz Qüvvələrinin imkanlarını uzunmüddətli perspektivdə əhəmiyyətli dərəcədə gücləndirməyi hədəfləyir.
