Pentaqon NATO-nun Avropadakı müttəfiqlərinin öz təhlükəsizlikləri üçün daha böyük məsuliyyət daşımalarına yönəlmiş planlarını uğurlu hesab edir.
NUHÇIXAN xəbər verir ki, ABŞ müdafiə nazirinin siyasət məsələləri üzrə müavini Elbric Kolbi bu barədə özünün sosial media hesabında yazıb.
Onun sözlərinə görə, Ağ Ev Avropanın qeyri-nüvə silahlarından istifadə edərək öz müdafiəsi üçün əsas məsuliyyəti öz üzərinə götürməsi ilə nəticələnəcək dəyişikliklərin yollarını axtarır. “Çoxları bunun mümkün olmadığını və Avropanın bu addımı ata bilməyəcəyini deyirdi. Biz bu iddianın təkzib olunduğunu görürük”, - deyə Elbric Kolbi bildirib.
Müdafiə nazirinin müavini vurğulayıb ki, Vaşinqton NATO-nu ABŞ-dən asılılığa deyil, tərəfdaşlığa əsaslanan ittifaq kimi görmək istəyir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə alyansın fəaliyyətindən narazılığını ifadə edib. O, hətta seçkilərdən öncə də, Avropa ölkələrinin öz təhlükəsizlikləri üçün daha böyük maliyyə məsuliyyətini üzərlərinə götürməyəcəkləri təqdirdə ABŞ-ni NATO-dan çıxarmaqla hədələyib.
