Almaniyanın Erfurt şəhərində minlərlə insan AfD-nin qurultayına etiraz edir - FOTOLAR
Almaniyanın Erfurt şəhərində ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının ikigünlük federal qurultayı genişmiqyaslı etiraz aksiyaları və gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində başlayıb.
NUHÇIXAN xəbər verir ki, polisin açıqlamasında qurultaya qarşı keçirilən etiraz aksiyalarında 15 minə yaxın insanın iştirak etdiyi qeyd olunub. Səhər saatlarınadək şəhərə etirazçıların olduğu 200-dən çox avtobusun gəldiyi bildirilib.
Yerli medianın məlumatına əsasən, etirazçılar qurultayın keçirildiyi məkana gedən bir neçə yol və qovşağı, əsas avtomagistralın bir hissəsini bağlayıblar. Onlardan bəziləri tramvay relsləri üzərində oturaq aksiyalar keçirərək, ictimai nəqliyyatın hərəkətini məhdudlaşdırıblar. Bununla belə, qurultay nümayəndələrinin böyük hissəsi tədbirin keçirildiyi sərgi mərkəzinə çatdırılıb.
İctimai asayişin qorunması üçün Almaniyanın müxtəlif əyalətlərindən 6 minə yaxın polis əməkdaşı cəlb edilib. Polis AfD-nin bir ofisinə və əməkdaşlarına pirotexniki vasitələr və boya paketləri ilə hücum edildiyini, bəzi radikal qrupların aksiyalar zamanı zorakılıq törətməyə cəhd göstərdiyini bildirib.
Partiyanın iki gün davam edəcək qurultayında yeni rəhbərlik seçiləcək. Həmsədrlər Alis Vaydel və Tino Xrupalla namizədliklərini yenidən irəli sürüblər.