Ankara NATO-nun 36-cı sammitinə hazırdır - FOTOLAR
Türkiyədə NATO-nun dövlət və hökumət başçılarının 36-cı sammitinə hazırlıq işləri başa çatıb.
NUHÇIXAN xəbər verir ki, iki gün (7-8 iyul) davam edəcək sammitdən əvvəl – iyulun 6-da Ankarada NATO-nun baş katibi Mark Ruttenin mətbuat konfransı keçiriləcək.
NATO rəsmiləri təlatümlü dövrdə keçirilən sammitin Alyansın gələcəyi və qlobal təhlükəsizlik arxitekturası üçün çox vacib olduğuna inanırlar.
Müdafiə xərcləri yükünün bölüşdürülməsi ABŞ Prezidenti Donald Trampın da daxil olduğu sammit iştirakçıları üçün əsas gündəm maddəsi olacaq.
Ukraynadakı vəziyyət, Yaxın Şərqdəki qeyri-sabitlik, texnoloji rəqabət, kiberhücumlar, təchizat zəncirindəki fasilələr və Vaşinqtonun müdafiə xərclərinin daha böyük hissəsini öz üzərinə götürməsi üçün digər üzv ölkələrə təzyiqi Alyansı öz mövqeyini yenidən nəzərdən keçirməyə vadar edir.
Bu transformasiya tədricən “NATO 3.0” adlandırılır. Bu, yeni NATO deyil, yenilənmiş düşüncə tərzidir. Alyans böhrana yönəlmiş yanaşmadan uzunmüddətli strateji rəqabət qabiliyyətinin qurulmasına doğru irəliləyir.
Sammitdə Ağ Evin iştirakı ev sahibi Prezident Rəcəb Tayyib Ərdoğanın sayəsində təmin edilib. ABŞ Prezidenti Donald Tramp bu ərəfədə Ərdoğana hörmət əlaməti olaraq Ankaraya gedəcəyini bildirib və əlavə edib ki, sammit Türkiyədə keçirilməsəydi, çox güman ki, onu buraxacaqdı. Prezident Ərdoğan özü NATO sammitini “həlledici” adlandırıb, Alyansın gələcəyi ilə bağlı vacib qərarların məhz Ankarada veriləcəyini bildirib.
Türkiyə bir sıra dünya liderlərinin iştirak edəcəyi müzakirələrin Ankaranın diplomatik nüfuzunu və NATO daxilində artan təsirini nümayiş etdirəcəyinə əmindir.
Sammitin Türkiyənin hərbi töhfələrini, müdafiə sənayesinin gücünü və böhranları idarəetmə imkanlarını nümayiş etdirmək üçün mühüm platforma təmin edəcəyi gözlənilir.
NATO dövlətlərinin liderləri ilə yanaşı, “AP4” adlanan dörd Asiya-Sakit okean ölkəsinin (Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya) başçıları da Ankaraya dəvət olunub. Təşkilatçılar sammiti Avro-Atlantik və Hind-Sakit okean təhlükəsizlik gündəmlərinin inteqrasiyası kimi təsəvvür edirlər.
Sammit çərçivəsində, həmçinin Alyansın transatlantik müdafiə sənayesi istehsalı, investisiya və innovasiyaya həsr olunmuş yüksəksəviyyəli flaqman tədbiri olan NATO Müdafiə Sənayesi Forumu (NSDIF26) da keçiriləcək.
NATO tərəfindən 2004-cü ilin iyun ayında Yaxın Şərq ölkələri ilə praktik ikitərəfli əməkdaşlığı təşviq etmək üçün başladılan İstanbul Əməkdaşlıq Təşəbbüsünün (ICI) nazirlər səviyyəsində görüşü də gözlənilir.
Bu arada, NATO sammiti ilə əlaqədar Ankarada əlavə təhlükəsizlik və nəzarət tədbirləri tətbiq edilib. Paytaxtda bütün mitinqlər, nümayişlər və dron uçuşları qadağandır. Həmçinin 56 mindən çox polis və jandarma zabiti bəzilərinin artıq bağlı olduğu küçə və prospektlərdə xidmət göstərir.
Bu gün, iyulun 6-da “Türk Ulduzları” aerobatika komandası Ankara səmasında çıxış edəcək.
Türkiyədəki əvvəlki NATO sammiti 2004-cü ildə İstanbulda keçirilib.