“Eurostat” qurumunun ilkin məlumatlarına görə, 2025-ci ildə Avropa İttifaqında (Aİ) təbii qaz və bərpaolunan enerji istehlakı artıb, kömür və neft məhsullarından istifadə isə azalıb.
NUHÇIXAN xəbər verir ki, Aİ-yə təbii qaz tədarükü 2024-cü illə müqayisədə 2,3 faiz artaraq təxminən 13,1 milyon terajula çatıb, bərpaolunan mənbələr isə Avropa İttifaqı məkanında bütün elektrik enerjisi istehsalının 47,2 faizini təşkil edib.
Kömür istehlakı 1990-cı ildə statistik qeydlər başlayandan bəri ən aşağı səviyyəyə enməyə davam edib, neft məhsullarının istifadəsi isə 2,8 faiz azalıb. Nüvə enerjisi istehsalı cəmi 0,2 faiz artıb.
Macarıstan Enerji Klubunun eksperti Andraş Perqer qeyd edib ki, bu ölkədə və bütün Avropada Günəş və külək enerjisinin rolu durmadan artır. Macarıstanda Günəş enerjisinin gücü 8,5 QVt-a çatır və bu, enerji sisteminin sabitliyini gücləndirir. O, həmçinin qışda qazdan asılılığın yüksək olaraq qaldığını bildirib və əlavə edib ki, enerji keçidinin tempi iqlim məqsədlərinə çatmaq üçün kifayət etmir.
