Almaniya hökuməti 2027-ci il üçün büdcə layihəsini təsdiqləyərək parlamentə təqdim edib.
NUHÇIXAN “Handelsblatt” nəşrinə istinadla xəbər verir ki, layihədə gələn il büdcə xərcləri 555,4 milyard avro nəzərdə tutulub. Bu, cari illə müqayisədə 30 milyard avro çoxdur.
Layihədə müdafiə xərclərinin də əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Gələn il üçün bu məqsədlə 109,7 milyard avro ayrılması planlaşdırılır. Ötən il həmin sahə üçün ayrılan vəsait bu rəqəmin üçdə ikisini təşkil edib. Ukraynaya dəstək məqsədilə 11,6 milyard avro vəsait ayrılması da planlaşdırılır.
Layihəyə əsasən, 2027-ci ildə borclanma 118,7 milyard avro təşkil edəcək. İnfrastruktur, iqlim və Silahlı Qüvvələr üçün xüsusi fondlar hesabına cəlb olunacaq vəsaitlər də nəzərə alınmaqla borclanmanın həcminin ümumilikdə 200 milyard avronu ötəcəyi gözlənilir. Hökumət gələn il ümumilikdə 117,5 milyard avro investisiya qoyuluşu həyata keçirməyi planlaşdırır.
Parlamentin büdcəni noyabrda təsdiqləməsi gözlənilir.
