BMT Sudanın Kordofan vilayətinin əl-Ubayyad şəhərinə humanitar yardımların davamlı şəkildə çatdırılmasına imkan yaratmaq üçün Çevik Dəstək qüvvələrinə çağırış edib.
NUHÇIXAN yerli mediaya istinadla xəbər verir ki, bu məsələ BMT Baş katibinin humanitar məsələlər üzrə köməkçisi Tom Filtşerlə Çevik Dəstək qüvvələrinin komandanı arasında baş tutan telefon danışığı zamanı müzakirə edilib.
BMT rəsmisi humanitar sahədə çalışanların və mülki şəxslərin təhlükəsiz fəaliyyətinin təmin edilməsinin zəruriliyini vurğulayıb. Eyni zamanda, PUA hücumlarının mülki şəxslərə və infrastruktura mənfi təsirindən narahatlıq ifadə olunub.
Xatırladaq ki, əl-Ubayyad şəhəri bir neçə aydır Sudan ordusu ilə müharibə aparan Çevik Dəstək qüvvələrinin mühasirəsindədir. Şəhərin yarım milyona yaxın əhalisi var. Eyni zamanda, qonşu bölgələrdə zorakılıq səbəbindən yüz minə yaxın insan köçərək bu şəhərə sığınıb.
