ABŞ-nin “Lockheed Martin” və Almaniyanın “Rheinmetall” şirkətləri NATO və müttəfiq Avropa ölkələrinin silahlı qüvvələri üçün ATACMS taktiki raketlərinin Avropada ilk birgə istehsalına dair Anlaşma Memorandumu imzalayıblar.
NUHÇIXAN xəbər verir ki, sənəd NATO-nun Ankarada keçirilən Sammitinin Müdafiə Sənayesi Forumu çərçivəsində imzalanıb.
Layihə ABŞ və Almaniya hökumətlərinin dəstəyi ilə Almaniyada ATACMS raketlərinin istehsalı, inteqrasiyası və təminatı üzrə Avropa mərkəzinin yaradılmasını nəzərdə tutur. İstehsalın “Rheinmetall”ın Unterlüss müəssisəsində həyata keçiriləcəyi bildirilib.
Tərəflər bu təşəbbüsün Avropada yüksəkdəqiqlikli döyüş sursatlarının istehsal imkanlarını genişləndirəcəyini, NATO-nun çəkindirmə potensialını gücləndirəcəyini və artan təhlükəsizlik tələbləri fonunda müttəfiqlərin operativ ehtiyaclarının daha səmərəli qarşılanmasına imkan verəcəyini bildirib. “Lockheed Martin” keçid dövrü başa çatanadək ABŞ-nin Arkanzas ştatındakı mövcud ATACMS istehsal xəttinin fəaliyyətini davam etdirəcək.
