İran Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ-nin İranın cənub sahilində yerləşən bəzi monitorinq məntəqələrinə hücumları memorandumun birinci maddəsinin pozulmasıdır və onun əsas müddəalarını etibarsız edir.
NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, İran Xarici İşlər Nazirliyi ABŞ-nin hücumları ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir: “Amerikanın İrana təkrar hücumları, ABŞ Maliyyə Nazirliyinin İran neftinin satışına sanksiyaları ləğv etmək qərarını geri götürməsi, İranın Hörmüz boğazı ilə bağlı razılaşmaların pozulması və İsrailin Livana davamlı hücumları anlaşma memorandumunun əsas müddəalarını etibarsız edib”.
İran XİN-in bəyanatında artan gərginliyin nəticələrinə görə Vaşinqtonun məsuliyyət daşıyacağı vurğulanıb, həmçinin İranın ərazi bütövlüyünü və müstəqilliyini qorumaq üçün özünü müdafiə etməkdən çəkinməyəcəyi, hücumların mənşə nöqtələrini hədəf almağa davam edəcəyi qeyd edilib.
Eyni zamanda, bəyanatda Körfəzin cənubundakı ölkələrə ABŞ tərəfindən İrana qarşı hücumlar üçün ərazilərinin istifadəsinə icazə verməmək üzrə beynəlxalq öhdəlikləri xatırladılıb.
