NATO-nun Baş katibi Mark Rütte alyans ölkələrinin Ankarada keçiriləcək görüşlər zamanı Hörmüz boğazının beynəlxalq gəmiçilik üçün tam açıq saxlanılmasının vacibliyini bir daha təsdiqləyəcəklərini bildirib.
NUHÇIXAN “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, bunu Baş katib Ankarada NATO sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Qeyd olunub ki, üzv dövlətlərin liderləri dünya üzrə neft və təbii qaz daşımalarının əsas marşrutlarından biri olan Hörmüz boğazında naviqasiya azadlığının təmin edilməsinin əhəmiyyətini yenidən vurğulayacaqlar. Baş katib qeyd edib ki, son vaxtlar ticarət gəmilərinə qarşı həyata keçirilən hücumlar qlobal enerji təchizatının təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar yaradıb.
Mark Rütte, həmçinin ABŞ-nin İran hədəflərinə endirdiyi son zərbələri şərh edərək onları "çox zəruri" adlandırıb. Onun sözlərinə görə, bu əməliyyatlar Hörmüz boğazında ticarət gəmilərinə qarşı həyata keçirilən hücumlara cavab olaraq icra edilib.
Qeyd edək ki, bu, NATO rəhbərliyinin son hərbi əməliyyatlarla bağlı ilk açıq mövqeyidir.
