Bizim regionumuz uğurlu əməkdaşlıq nümunəsinə malikdir. Gürcüstan, Türkiyə və Azərbaycan arasındakı üçtərəfli əməkdaşlıq çox uğurlu nəticələr verir. Onilliklər ərzində inkişaf etdirilən bu strateji tərəfdaşlıq indi təhlükəsizlik baxımından daha da vacibdir, çünki birgə enerji layihələri və nəqliyyat dəhlizləri tamamilə fərqli bir məna daşıyır.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili Türkiyədə keçirilən “Müttəfiqlər Ankarada” tədbiri çərçivəsində təşkil olunan “Soyuq müharibədən sonrakı dünya nizamından kənarda: Strateji qeyri-müəyyənlik dövründə naviqasiya” mövzusunda panel müzakirədə çıxışı zamanı söyləyib.
Nazir bildirib ki, sülhün və sabitliyin qorunması Gürcüstanın daxili və xarici siyasətinin əsas prioriteti olaraq qalır və ölkənin strateji kursunun əsasını təşkil edir.
Onun sözlərinə görə, dəyişən geosiyasi mühit fonunda Cənubi Qafqazın və Qara dəniz bölgəsinin strateji əhəmiyyəti artmaqda davam edir. Ukraynadakı münaqişə və Yaxın Şərqdəki hadisələr beynəlxalq ictimaiyyətin regiona münasibətini dəyişdirir.
Boçorişvili, həmçinin Gürcüstan, Türkiyə və Azərbaycan arasında strateji əməkdaşlığın vacibliyini vurğulayaraq, xüsusilə Orta Dəhlizin artan rolunu qeyd edib.
