Qazaxıstan neft məhsullarının dövlət sərhədindən keçirilməsinə nəzarəti gücləndirib.
NUHÇIXAN “Kazinform” agentliyinə istinadla xəbər verir ki, Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsi gücləndirilmiş yoxlamaların başlanmasından bəri ümumi həcmi 16.000 litrdən çox olan yanacaq və sürtgü materiallarının 392 qanunsuz ixracının qarşısını alıb.
Yoxlamalar həm birbaşa nəqliyyat vasitələrinin buraxılış məntəqələrində, həm də sərhəd ərazilərində mobil qruplar tərəfindən aparılır.
Əksər halda qaydaları pozanlar gizli əlavə çənlər və bidonlardan istifadə edərək yanacaq qaçaqmalçılığına cəhd ediblər. Xüsusilə, Qərbi Qazaxıstan regionunda bir yük maşınının 1200 litr dizel yanacağı, Pavlodar bölgəsində isə sənədsiz 4000 litrdən çox benzin daşıdığına görə bir nəqliyyat vasitəsi saxlanılıb.
Paralel olaraq, kiçik neft emalı zavodlarının və sərhəd yanacaqdoldurma məntəqələrinin yoxlanılması da daxil olmaqla, daxili bazarın gündəlik monitorinqi aparılır.
