Fransa hökuməti 2026-cı il üzrə iqtisadi artım proqnozunu əvvəlki 0,9 faizdən 0,7 faizə endirib. Qərar ilin ilk rübündə iqtisadi göstəricilərin gözləniləndən zəif olması və Yaxın Şərqdəki münaqişənin iqtisadi fəaliyyətə təsirləri ilə əsaslandırılıb.
NUHÇIXAN xəbər verir ki, “Le Monde” nəşrinin məlumatına görə, iqtisadiyyat naziri bu açıqlamanı dövlət maliyyəsi üzrə xəbərdarlıq komitəsinin iclası zamanı verib. Yeni proqnoz Fransa Mərkəzi Bankının iyun ayında açıqladığı 0,5 faizlik artım gözləntisindən yüksək olsa da, Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun (INSEE), Beynəlxalq Valyuta Fondunun (BVF) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 0,7 faizlik proqnozları ilə üst-üstə düşür.
İqtisadiyyat Nazirliyi bildirib ki, birinci rübdə ÜDM-in zəif nəticələri və ikinci rübdə Yaxın Şərqdəki müharibənin iqtisadiyyata təsiri artım tempini aşağı salır. Nazirlik ilin qalan hissəsi ilə bağlı ehtiyatlı mövqe sərgiləyəcəyini qeyd edib.
Rəsmilər hesab edirlər ki, iyun ayında inflyasiya səviyyəsinin azalması və istehlakın bərpası müsbət amillər olsa da, bunlar ilin yekununda 0,9 faizlik artıma nail olmaq üçün kifayət etməyəcək.
Hökumət ilin əvvəlində ÜDM-in 1 faiz artacağını proqnozlaşdırmışdı. Lakin Yaxın Şərqdə münaqişənin başlanmasından sonra bu göstərici əvvəlcə 0,9 faizə, indi isə 0,7 faizə endirilib.
Fransa Hesablama Palatası da iqtisadi artımın zəifləməsi və faiz dərəcələrinin yüksəlməsi səbəbindən 2026-cı ildə büdcə kəsirinin azaldılması hədəfinin risk altında olduğunu bildirib. Baş nazir vəziyyəti müzakirə etmək üçün dövlət maliyyəsi üzrə xəbərdarlıq komitəsini toplayıb. Hökumətin yaxın günlərdə əlavə qənaət tədbirləri elan edə biləcəyi və büdcə kəsirini 2026-cı ildə ÜDM-in 5 faizi səviyyəsində saxlamağı hədəflədiyi qeyd olunur.
