Aİ qanunsuz miqrasiya və insan alverinə qarşı yeni sanksiya rejimi tətbiq edəcək

A- A A+

Avropa İttifaqı (Aİ) qanunsuz miqrasiya, insan alveri və digər ciddi mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq üçün yeni sanksiya rejiminin yaradılmasını təklif edib.

NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, Avropa Komissiyasının yazılı açıqlamasında təklifin Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas tərəfindən verildiyi bildirilir.

Bəyanatda qeyd olunur ki, yeni sanksiyalar mexanizmi qeyri-qanuni miqrasiya və insan alveri, həmçinin qanunsuz silah və narkotik ticarəti, çirkli pulların yuyulması kimi mütəşəkkil cinayətkarlıq fəaliyyətlərini əhatə edəcək. Mütəşəkkil cinayətkar qrupların cəmiyyətlərin rifahını pozduğu, qanunun aliliyini və demokratiyanı zəiflətdiyi, iqtisadi sabitliyə və təhlükəsizliyə təhdid yaratdığı vurğulanır.

Aİ xaricində fəaliyyət göstərən miqrant qaçaqmalçılığı şəbəkələrinin və insan alverçilərinin fəaliyyətinin İttifaqın təhlükəsizliyinə və fundamental dəyərlərinə ciddi təhdid yaratdığı vurğulanır. Əlavə olaraq qeyd olunur: “Komissiyanın məlumatlarına görə, son iki ildə Aİ-yə qeyri-qanuni miqrasiya 50 faizdən çox azalsa da, çox sayda insan hələ də qaçaqmalçıların əlində həyatlarını itirmək və ya həyati təhlükəsi olan vəziyyətlərlə üzləşmək riski altındadır”.

Bəyanatda yeni sanksiya rejiminin mütəşəkkil cinayətkarlıq şəbəkələrinin maliyyə resurslarını hədəf alacağı və geniş yayılmış, sistemli və ya mütəşəkkil təbiətinə görə İttifaqın dəyərlərinə, üzv dövlətlərin təhlükəsizliyinə və ya beynəlxalq təhlükəsizliyə ciddi şəkildə təhdid yaradan Aİ xaricində yaranan fəaliyyətləri izləyəcəyi bildirilir.

Qeyd olunur ki, sanksiya siyahısındakı şəxslərin və qurumların aktivləri Aİ-də dondurulacaq və onlara hər hansı vəsait və ya iqtisadi resursların verilməsi qadağan ediləcək.

Bəyanatda, həmçinin siyahıdakı şəxslər üçün Aİ ərazisinə giriş və ya tranzitin qadağan ediləcəyi və sanksiyaların əlaqələndirilmiş şəkildə, çevik, mütənasib şəkildə və müntəzəm olaraq nəzərdən keçirilmək şərti ilə tətbiq olunacağı bildirilir.

Təklif üzv dövlətlərin təmsil olunduğu Aİ Şurasına təqdim ediləcək. Sanksiya rejiminin qüvvəyə minməsi üçün bütün üzv dövlətlərin yekdil təsdiqi tələb olunacaq.

Yeni sanksiya rejimi təşəbbüsünü Aİ Komissiyasının Prezidenti Ursula Fon der Lyayen 2025-ci ildə “İttifaqda vəziyyət” adlı hesabatında elan etmişdi. O, çıxışında miqrant qaçaqmalçılarını və insan alverçilərini hədəf alan yeni Aİ sanksiya mexanizminin yaradıldığını elan etmiş və bunun cinayətkar təşkilatların aktivlərini dondurmağı, hərəkətlərini məhdudlaşdırmağı və maliyyə resurslarını kəsməyi hədəflədiyini bildirmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: