Fransa hərbi dron istehsalını artırmaq üçün avtomobil zavodlarının imkanlarından istifadə etməyi planlaşdırır

A- A A+

Hərbi dronlara tələbatın sürətlə artması fonunda Fransa istehsal gücünü artırmaq üçün avtomobil sənayesinin təcrübəsindən yararlanmağı planlaşdırır.

NUHÇIXAN xəbər verir ki, bu çərçivədə “Renault” şirkəti müdafiə sənayesi üçün kütləvi dron istehsalına cəlb olunub. Fransanın silahlı qüvvələr naziri Ketrin Votrenin sözlərinə görə, avtomobil sənayesinin istehsal tempi ilə dronların seriyalı istehsalına bu ilin sonuna qədər başlanılacaq.

Fransa bu addımla hərbi dronların kütləvi istehsalı sahəsində geriliyi aradan qaldırmağı hədəfləyir. “Renault” artıq “Turgis Gaillard” və “Thales” şirkətləri ilə əməkdaşlıq sazişləri imzalayıb. Şirkət yüksək texnologiyalı məhsulların iri həcmdə istehsalı, keyfiyyətə nəzarət, xərclərin optimallaşdırılması və istehsal müddətlərinə riayət sahəsində təcrübəsini müdafiə sənayesinin ixtiyarına verməyə hazır olduğunu bildirib.

Plana əsasən, “Renault” 2026-cı ilin sonunadək ayda 600 hərbi dron istehsal etməyi, 2027-ci ildən isə “Thales” ilə əməkdaşlıq çərçivəsində aylıq istehsalı 1000 “Toutatis” kamikadze dronuna çatdırmağı nəzərdə tutur. İstehsalın əsas hissəsinin Mans şəhərindəki zavodda həyata keçirilməsi, bəzi komponentlərin, o cümlədən mühərriklərin isə Normandiyadakı Kleon müəssisəsində hazırlanması planlaşdırılır.

Oxşar təşəbbüslər digər ölkələrdə də həyata keçirilir. Almaniyada “Volkswagen” İsrailin “Iron Dome” hava hücumundan müdafiə sistemi istehsalçısı ilə, “Mercedes-Benz” isə “Tytan Technologies” şirkəti ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir. Yaponiya isə hərbi dronlara ayrılan büdcəni təxminən 3 dəfə artıraraq 277 milyard yenə (təxminən 1,7 milyard dollar) çatdırıb.

Bununla belə, bu strategiya sənaye nümayəndələri arasında birmənalı qarşılanmır. “Mitsubishi Heavy Industries” şirkətinin rəhbərliyi hesab edir ki, avtomobil və hərbi dron istehsalı fərqli sənaye prinsiplərinə əsaslanır. Onların fikrincə, sürətlə dəyişən hərbi tələblər fonunda avtomobil zavodlarında dron istehsalı texniki baxımdan tez köhnələn məhsulların hazırlanmasına və dövlət vəsaitlərinin səmərəsiz xərclənməsinə səbəb ola bilər.

Fransanın Silahlanma Baş İdarəsi isə bildirir ki, məqsəd böyük həcmdə dron ehtiyatı yaratmaq deyil, zərurət yarandıqda istehsalı qısa müddətdə artırmağa imkan verəcək sənaye bazası formalaşdırmaqdır. Qurumun hesablamalarına görə, avtomobil sənayesinin istehsal metodlarının tətbiqi bir dronun istehsal xərclərini ənənəvi qanadlı raketlə müqayisədə dörd-beş dəfə azalda bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: