Geniş araşdırma ekstrakorporal mayalanma zamanı əlavə prosedurların effektivliyini şübhə altına alıb
Özəl klinikalar tərəfindən ekstrakorporal mayalanma (IVF) zamanı təklif olunan bahalı əlavə prosedurların əksəriyyəti uşaq sahibi olmaq şansını artırmır. “The Lancet Obstetrics, Gynaecology & Women's Health” jurnalında dərc olunmuş bu günə qədər aparılan ən böyük araşdırma icmalının müəllifləri belə bir qənaətə gəliblər.
NUHÇIXAN xəbər verir ki, tədqiqatçılar ekstrakorporal mayalanmanın effektivliyini artırmaq üçün özəl klinikalarda geniş istifadə edilən “adds-on” adlanan əlavə metodları təhlil ediblər. Bu cür prosedurların dəyəri bir neçə min dollara çata bilər. Elmi nəşrlərin keyfiyyətini nəzərdən keçirən mütəxəssislər tədqiqatların demək olar ki, yarısını etibarsız hesab ediblər. Belə ki, 157 tədqiqatdan cəmi 85-i yekun təhlilə daxil edilib.
Nəticələr göstərib ki, embrion yapışqanı, PGT-A, endometrial test və kortikosteroid müalicəsi də daxil olmaqla ən çox yayılmış dörd prosedur diri doğuş şansını artırmır. Höteborq Universitetinin mama-ginekologiya professoru Kristina Berqin sözlərinə görə, bu cür prosedurlar çox vaxt uzun müddətdir uğursuz şəkildə valideyn olmağa çalışan və şanslarını artırmaq üçün hər fürsətdən istifadə etməyə hazır olan insanlara təklif olunur.
Tamamlayıcı metodlar İsveçdən kənarda daha geniş istifadə olunur. Böyük Britaniya, Avstraliya və Yeni Zelandiyada IVF xəstələrinin 70 faizindən çoxu bu prosedurlardan biri və ya bir neçəsindən istifadə edir. İsveçdə bu yanaşma daha mühafizəkar hesab olunur - IVF proqramlarının təxminən yarısı dövlət tərəfindən maliyyələşdirilir və klinikalar daha çox sübut olunmuş metodlara diqqət yetirir.
Ekspertlər xəstələrə şübhəli prosedurlara böyük məbləğlər xərcləməməyi, əksinə, zərurət yarandıqda, əlavə standart IVF dövrlərinə investisiya qoymağı məsləhət görürlər. Kristina Berqin sözlərinə görə, cəhdlərin sayını çoxaltmaq uşaq sahibi olmaq şansını artırmağın ən etibarlı yolu olaraq qalır.
