İranın cənubunda bir sıra şəhərlərdə partlayışlar qeydə alınıb

A- A A+

İranın cənubunda yerləşən bir sıra şəhərlərdə və sahilyanı ərazilərdə partlayış səsləri eşidilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.

Məlumata görə, Hörmüz boğazının şərqində yerləşən Kənərək limanında üç partlayış baş verib. İran mediası isə Buşehr yaxınlığındakı Cəğadək şəhəri ətrafında iki partlayış səsinin eşidildiyini bildirib. Hadisələrin hədəfləri və dəymiş ziyanın miqyası barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Məlumatlara əsasən, Əhvaz, Çabahar, Bəndər-Abbas şəhərlərində, həmçinin Qeşm, Kiş adalarında da güclü partlayış səsləri eşidilib.

Eyni zamanda, "Mehr" agentliyi İranın Körfəzdə əsas neft ixrac mərkəzlərindən biri hesab olunan Xərk adasında partlayış baş verməsi barədə yayılan məlumatları təkzib edib.

Məlumatlar ABŞ-nin son hərbi əməliyyatları fonunda yayılıb. ABŞ Mərkəzi Komandanlığı daha əvvəl açıqlamasında İran ərazisində təxminən 90 hərbi obyektə zərbələr endirildiyini bildirmişdi. Vaşinqtonun məlumatına görə, son iki gün ərzində hədəfə alınan obyektlərin ümumi sayı təxminən 170-ə çatıb.

ABŞ tərəfinin açıqlamasında qeyd olunub ki, zərbələr hava hücumundan müdafiə sistemləri, raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı məntəqələr, dəniz qüvvələrinin imkanları və Hörmüz boğazı yaxınlığındakı logistik infrastrukturu əhatə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: