Fransanın idman naziri Marina Ferrari Paraqvay senatorunun fransalı futbolçu Kilian Mbappe barədə səsləndirdiyi mübahisəli və irqçi xarakterli fikirləri kəskin tənqid edib. O, franceinfo telekanalına müsahibəsində bildirib ki, Paraqvay hökuməti hadisə ilə bağlı Fransadan üzr istəyib.
NUHÇIXAN xəbər verir ki, nazirin sözlərinə görə, Paraqvay hökuməti senatorun açıqlamalarının ölkənin müdafiə etdiyi dəyərləri əks etdirmədiyini bəyan edib. Marina Ferrari əlavə edib ki, buna baxmayaraq, senator mübahisə doğuran açıqlamalarını davam etdirib.
Ferrari senatorun bəyanatlarını "tamamilə iyrənc" adlandıraraq onları qətiyyətlə pislədiyini bildirib. O, həmçinin Paris Prokurorluğunun məsələ ilə bağlı araşdırma apardığını qeyd edib.
Nazirin sözlərinə görə, senator Fransa millisinin Paraqvay üzərində qələbəsindən sonra Mbappenin mənşəyi ilə bağlı açıqlamalar verib. Fransada bu bəyanatlar irqçi xarakterli çıxışlar kimi qiymətləndirilib.
Paraqvay senatorunun Fransaya girişinin qadağan oluna biləcəyi ilə bağlı suala cavab verən Marina Ferrari bildirib ki, bu məsələ onun səlahiyyətlərinə aid deyil. Bununla belə, o qeyd edib ki, senator Fransaya səfər edəcəyi təqdirdə burada xoş qarşılanmayacaq.
Nazir vurğulayıb ki, "ölkəmizin vətəndaşlarından biri haqqında bu cür ifadələr işlətmək yolverilməzdir" və siyasətçiləri ictimai çıxışlarında daha məsuliyyətli olmağa çağırıb.
Paraqvay hökuməti isə öz növbəsində bəyan edib ki, senatorun səsləndirdiyi fikirlər ölkənin müdafiə etdiyi dəyərləri əks etdirmir.
Qeyd edək ki, Paraqvay senatoru Seleste Amarillanın fransalı futbolçu Mbappe barədə səsləndirdiyi təhqiramiz və irqçi xarakterli fikirlər Fransada geniş etirazlara səbəb olub.
Yerli medianın məlumatına görə, senator sosial şəbəkədə paylaşdığı yazıda Mbappeni "özünü fransız kimi təqdim edən müstəmləkə dövrünün kamerunlusu" adlandırıb. O, futbolçunu həmçinin "təkəbbürlü, sonradan varlanan və eybəcər" ifadələri ilə təhqir edib.
Seleste Amarilla daha sonra Mbappenin "anasının südü əvəzinə kokos əmdiyini" və "həyatında eşitdiyi ən savadlı varlıqların şimpanzelər olduğunu" yazıb. Senator, həmçinin Paraqvay millisinin qapıçısı Orlando Gillin Fransa ilə oyundan sonra Mbappeyə qarşı nalayiq jest etməli olduğunu bildirib.
