ABŞ Prezidenti Donald Trampın bu həftənin əvvəlində Türkiyəyə səfər etmək üçün istifadə etdiyi yeni “Air Force One” təyyarəsində əvvəlki prezident təyyarələrində olan bəzi müdafiə sistemləri, o cümlədən qabaqcıl raket əleyhinə imkanlar yoxdur. NUHÇIXAN xəbər verir ki, bu barədə “The New York Times” qəzeti rəsmilərə istinadla məlumat yayıb.
Mütəxəssislərin bildirdiyinə görə, Qətər tərəfindən hədiyyə edilən “Boeing 747-8” təyyarəsində müdafiə sistemlərinin olmaması xarici səfərlərdə riskləri artıra bilər. Bu narahatlıq ABŞ Məxfi Xidmətinin Trampı Türkiyədən köhnə “Air Force One” təyyarəsi ilə qayıtmağa çağırmasından sonra ifadə olunub.
Ağ Ev təyyarənin təhlükəsizliyi ilə bağlı məsələni müdafiə etsə də, onun konkret imkanlarına toxunmayıb. Administrasiya bildirib: “Yeni “Air Force One” Prezidentin və onu müşayiət edənlərin təhlükəsizliyini təmin edən yüksəksəviyyəli təhlükəsizlik protokolları ilə təchiz edilmiş ən müasir təyyarədir”.
Amma ABŞ Hərbi Hava Qüvvələri təyyarənin standart “Air Force One” laynerində olan bütün avadanlıqlara malik olmadığını etiraf edərək bildirib ki, Prezidentin iki yeni “Boeing”i tamamlanana qədər ondan müvəqqəti vasitə kimi istifadə olunacaq.
Hərbi Hava Qüvvələri açıqlamasında bildirib: “Təhlükəsizlik və ya missiya kommunikasiyalarında heç bir riskə yol verilməyib”.
Yeniləmə ilə tanış olan rəsmilər, həmçinin təyyarənin əvvəlki modellə eyni müdafiə tədbirlərinə malik olmadığını, Hərbi Hava Qüvvələri tərəfindən hansı sistemlərin çıxarıldığını dəqiqləşdirməyiblər.
Prezident təyyarəsinin dəyişdirilməsi proqramında iştirak edən Hərbi Hava Qüvvələrinin iki sabiq rəsmisi daha yüksək təhlükəsizlik risklərini əsas gətirərək, Trampın təyyarəni xaricdə istifadə etməsindən təəccübləndiklərini bildiriblər.
