Britaniya polisi Reform UK partiyasına edilən ianələri araşdırır

A- A A+

Britaniya polisi Reform UK partiyasına 2024-cü il ümumi seçkiləri ərəfəsində edilən 500 min funt sterlinq həcmində ianələrlə bağlı araşdırma aparır.

NUHÇIXAN “The Times” qəzetinə istinadla xəbər verir ki, araşdırmanın mərkəzində fırıldaqçılıq ittihamı ilə məhkum olunan Corc Kottrellin anası Fiona Kottrell dayanır. Bildirilir ki, Londonun Metropoliten Polisi bir ildən artıqdır siyasi partiyalara ianələrin verilməsi ilə bağlı qanunvericiliyin pozulması ehtimalını araşdırır.

İddialara əsasən, istintaq qanunla icazə verilməyən mənbədən daxil olan vəsaitlərin gizlədilməsi və ya ianəçinin kimliyi və ianənin məbləği barədə yanlış məlumat təqdim edilməsi ehtimalını əhatə edir. “The Times” yazır ki, araşdırma Fiona Kottrellin 2024-cü ilin may ayında Reform UK partiyasına etdiyi hər biri 250 min funt sterlinq olmaqla iki ianə ilə bağlıdır. Həmin ianələr Böyük Britaniyanın Seçki Komissiyasının rəsmi qeydlərində də yer alıb.

Reform UK mənbələri bildiriblər ki, indiyədək partiya rəsmilərindən heç biri polis tərəfindən dindirilməyib. Məlumata görə, Fiona Kottrellin oğlu Corc Kottrell seçkilərdən əvvəl Reform UK lideri Naycel Farajın sosial media əməkdaşlarının və təhlükəsizlik xidmətinin xərclərini ödəyib. “The Sunday Times” nəşri bu dəstəyin Faraj parlament üzvü seçildikdən sonra rəsmi qaydada bəyan edilmədiyini iddia edib.

Corc Kottrell ABŞ-də dələduzluq ittihamı üzrə təqsirini etiraf edib, səkkiz ay həbsdə qaldıqdan sonra 2017-ci ildə azadlığa buraxılıb. Onun vəkilləri “The Sunday Times” qəzetinin maliyyə dəstəyi ilə bağlı iddialarını qətiyyətlə rədd etdiklərini bildiriblər. Naycel Faraj isə öz növbəsində hər hansı qanun pozuntusuna yol vermədiyini bəyan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: