Fransa hökuməti ölkəni bürümüş yeni isti hava dalğası ilə əlaqədar qırmızı təhlükə səviyyəsi elan edilmiş bütün departamentlərdə Orsec (həddindən artıq istilər) fövqəladə planının işə salındığını açıqlayıb. Məqsəd yüksək temperaturdan ən çox zərər görmə riski olan əhalinin müdafiəsini gücləndirməkdir.
NUHÇIXAN xəbər verir ki, hökumətin sözçüsü Mod Brejon qərarın Baş nazir Sebastyən Lökornünün sədrliyi ilə Daxili İşlər Nazirliyində keçirilən böhran iclasından sonra qüvvəyə mindiyini bildirib.
Onun sözlərinə görə, plan çərçivəsində həssas əhali qrupları üçün sərinləmə mərkəzləri açılacaq.
Brejon qeyd edib ki, yeni mexanizm əvvəlki isti hava dalğalarından əldə olunan təcrübə əsasında hazırlanıb və mülki müdafiə xidmətlərinin fəaliyyətini gücləndirməklə yanaşı, risk altında olan şəxslərin daha operativ müəyyən edilməsinə imkan verəcək. Bu məqsədlə Bələdiyyələrin Sosial Yardım Mərkəzləri ilə Regional Səhiyyə Agentlikləri arasında məlumat mübadiləsi genişləndiriləcək.
Hökumət yaşlılara, evsizlərə və digər həssas əhali qruplarına xüsusi diqqət yetiriləcəyini bildirib.
Məlumata görə, Fransada bu gündən 24 departament qırmızı istilik xəbərdarlığı altında olacaq və bu, təxminən 21,9 milyon nəfəri əhatə edəcək. Ölkədə qeydə alınan üçüncü isti hava dalğası xüsusilə Fransanın şimal və mərkəzi bölgələrində güclənib.
Hakimiyyət orqanları yüksək temperatur və davam edən quraqlığın meşə yanğınlarının sayını artırdığını da bildiriblər. Hökumət vətəndaşları günün ən isti saatlarında çölə çıxmamağa, kifayət qədər su qəbul etməyə və tənha yaşayan, eləcə də həssas vəziyyətdə olan insanlara xüsusi diqqət göstərməyə çağırıb.
