İraq, ABŞ və Suriya Hörmüzdən yan keçməklə Kərkükdən neft kəmərini yenidən işə salmağı planlaşdırırlar
Bağdad, Vaşinqton və Dəməşq Hörmüz boğazından yan keçərək neft tədarük etməyə imkan verəcək İraqdakı Kərkükdən Suriyadakı Baniyas limanına gedən neft kəmərinin fəaliyyətinin bərpası layihəsini hazırlayırlar.
NUHÇIXAN xəbər verir ki, bu barədə "İnterfaks" "Middle East Eye" portalına istinadən məlumat yayıb.
"Mənbələr bildirib ki, neft kəmərinin yenidən işə salınması ilə bağlı razılaşmaların gələn həftə İraqın Baş naziri Əli əz-Zeydinin Ağ evdə ABŞ Prezidenti Donald Trampla görüşündə elan ediləcəyi gözlənilir", - məlumatda qeyd olunub .
"Iraq Petroleum Company" şirkəti tərəfindən tikilmiş bu neft kəməri 1952-ci ildə istifadəyə verilib; onun vasitəsilə gündəlik 300 min barel neft nəql etmək mümkün olub. Lakin 1980-1988-ci illərin İran-İraq müharibəsi zamanı Suriya İranın tərəfinə keçdikdən sonra İraq neft kəmərini bağladı. 2003-cü ildə ABŞ-nin İraqa müdaxiləsindən sonra obyekt ciddi zədələr aldı və hazırda fəaliyyət göstərmir.
İnfrastruktur obyekti indi genişmiqyaslı təmirə ehtiyac duyur. Nəşrin həmsöhbətlərindən biri neft kəmərini tamamilə dəyişdirməyin daha yaxşı olacağı fikrini ifadə edib ki, buna da iki-üç il vaxt gedə bilər. O əlavə edib ki, təmir işləri üçün artıq ABŞ şirkətlərindən ibarət konsorsium formalaşdırılıb.
