Liviyanın Sahil Mühafizəsi qüvvələri ölkənin şərq sahillərində bir gün ərzində 143 miqrantın olduğu qayıqları saxlayıb. Eyni zamanda, Qərbi Afrika marşrutu ilə Atlantik okeanı üzərindən Avropaya üz tutan 153 miqrantın olduğu qayığın taleyi naməlum olaraq qalır.
NUHÇIXAN yerli mediaya istinadla xəbər verir ki, miqrantlar iyulun 10-da Tobruk və Sirt şəhərləri yaxınlığında keçirilən ayrı-ayrı əməliyyatlar zamanı saxlanılıblar. Onların arasında 72 nəfər Sudan, 31 nəfər Misir və 40 nəfər Banqladeş vətəndaşı var.
Digər tərəfdən, dənizdə köməksiz qalan miqrantlarla bağlı məlumatlar toplayan “Alarm Phone” platforması bildirib ki, iki həftə əvvəl Qambiyanın Bafuloto şəhəri sahillərindən yola çıxan və göyərtəsində 153 nəfərin olduğu qayıqla əlaqə kəsilib. İndiyədək miqrantların taleyi barədə heç bir məlumat yoxdur.
Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyinin (Frontex) məlumatına əsasən, 2026-cı ilin ilk yarısında Qərbi Afrika marşrutu ilə qeydə alınan qanunsuz keçidlər ötən ilin eyni dövrü ilə müqayisədə 67 faiz azalsa da, yay aylarında miqrantlar Avropaya çatmaq üçün təhlükəli dəniz marşrutlarına üz tutmağa davam edirlər.
