“Volkswagen” şirkətinin baş direktoru Oliver Blume xərclərin azaldılması məqsədilə Almaniyadakı zavodların bağlanmasının gündəmdə olmadığını bildirib.
NUHÇIXAN xəbər verir ki, o, bu barədə “Bild” qəzetinə müsahibəsində danışıb.
Oliver Blume xərclərin optimallaşdırılması üçün daha səmərəli üsulların mövcud olduğunu qeyd edərək, şirkətin 2025-ci ilədək komponentlərin qiymətini 20 faiz azaltmağa nail olduğunu bildirib.
Baş direktorun sözlərinə görə, “Volkswagen” həm daxili yanma mühərrikli, həm də elektrik avtomobilləri seqmentində Avropa bazarında lider mövqeyini qoruyur. Bununla yanaşı, şirkət gəlirliyini artırmaq üçün xərclərin azaldılması istiqamətində tədbirləri davam etdirəcək.
Daha əvvəl “Reuters” agentliyi yenidənqurma proqramı çərçivəsində “Volkswagen”in model çeşidini təxminən iki dəfə azaltmağı planlaşdırdığını bildirmişdi.
