Moldova bazar ertəsi bildirib ki, Rusiyanın Ukraynaya hücumu zamanı Kopanka kəndinin cənub-şərqində vurulan pilotsuz uçuş aparatı onun hava məkanını keçib və partlayıb.
NUHÇIXAN xəbər verir ki, Moldova Xarici İşlər Nazirliyinin “Telegram” kanalında yayımlanan açıqlamada Ukraynanın Odessa bölgəsinə Rusiyanın hava hücumları zamanı Moldovanın hava məkanının “ciddi və qəbuledilməz pozulmasının” baş verdiyi bildirilib və bu insident pislənilib.
Nazirlik bəyan edib: “Bu yeni hadisə Moldova Respublikasının hava məkanının ciddi və qəbuledilməz şəkildə pozulmasıdır, həmçinin Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzkar müharibəsinin vətəndaşlarımızın və bütün regionun təhlükəsizliyinə birbaşa risklər yaratdığını bir daha təsdiqləyir”.
XİN bildirib ki, Moldova suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü müdafiə etməyə sadiq qalır, ölkənin təhlükəsizliyini və bu cür təhdidlərə qarşı müqavimətini gücləndirmək üçün beynəlxalq tərəfdaşlarla işləməyə davam edəcək.
Rusiya tərəfi Moldovanın bəyanatına münasibət bildirməyib.
