Böyük Britaniyada cəmi səkkiz həftə ərzində hazırlanmış yeni “Ebola” peyvəndinin insanlar üzərində klinik sınaqlarına başlanacaq. Bunun üçün ölkənin dərman vasitələrini tənzimləyən qurumu tərəfindən müvafiq icazə verilib.
NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, mayın 17-də ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edildikdən sonra Oksford Universitetinin alimləri peyvəndi hazırlamağa başlayıblar. Hazırlanmaqda olan dörd peyvənd namizədindən klinik sınaq mərhələsinə çatan ilk peyvənd də məhz budur.
Könüllülərin qeydiyyatına artıq başlanılıb və ilk dozaların yaxın həftələrdə Böyük Britaniyada sağlam yetkin şəxslərə vurulacağı gözlənilir.
Epidemiyanın daha çox yayıldığı Konqo Demokratik Respublikasında indiyədək laboratoriya təsdiqli 1792 yoluxma halı qeydə alınıb, 625 nəfər isə həyatını itirib.
Mütəxəssislərin sözlərinə görə, bu epidemiya “Ebola” virusunun Bundibuqyo növü ilə əlaqədardır. Virusun altı müxtəlif növü mövcuddur və onlar bir-birinə bənzəsə də, hər biri üçün ayrıca peyvənd və müalicə üsulu tələb olunur. Buna görə də hazırkı epidemiya üçün təsdiqlənmiş peyvənd və ya spesifik müalicə vasitəsi mövcud deyil.
