Qazaxıstan Silahlı Qüvvələrində təxminən 7 min qadın hərbi xidmət keçir.
NUHÇIXAN bu ölkənin Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, onların sırasında təxminən min zabit və 6 mindən çox müqaviləli hərbi qulluqçu var. Hazırda 11 qadın rəhbər vəzifələrdə çalışır.
Qadınlar Silahlı Qüvvələrin, demək olar ki, bütün qoşun növlərində xidmət edirlər. Onlar tibb işçiləri, psixoloqlar, maliyyəçilər, hüquqşünaslar, rabitə mütəxəssisləri, kadr zabitləri, logistika və informasiya texnologiyaları sahələrində fəaliyyət göstərirlər.
Bundan əlavə, qadın hərbçilər döyüş təminatı bölmələrində xidmət edir, qərargah zabiti və təlimatçı kimi çalışır, pilot, snayper və xüsusi təyinatlı kimi ixtisaslar üzrə hazırlıq keçirlər. Onlar paraşütlə tullanma təlimlərində iştirak edir, pilotsuz uçuş aparatlarının yığılması və idarə olunması, eləcə də Silahlı Qüvvələrin döyüş hazırlığının təmin edilməsi ilə bağlı tapşırıqları yerinə yetirirlər.
Müdafiə Nazirliyi bildirib ki, mövcud qanunvericiliyə əsasən qadınların hərbi xidmətə məcburi çağırılması nəzərdə tutulmur. Belə bir qaydanın tətbiqi məsələsi hazırda gündəmdə deyil.
