İran mediasının verdiyi məlumata görə, çərşənbə axşamı İranın Qeşm adasının şimalında baş verən toqquşmada ciddi ziyan görən quru yük gəmisindən 23 dənizçi təhlükəsiz şəkildə təxliyə edilib.
NUHÇIXAN xəbər verir ki, İranın “Fars” agentliyi cənub liman şəhəri Bəndər Abbasdakı səlahiyyətlilərə çərşənbə axşamı səhər tezdən dəniz toqquşması barədə məlumat verildiyini bildirib. İlkin araşdırmalar göstərir ki, yükdaşıyıcısı dənizdə başqa bir gəmi ilə toqquşub.
Fövqəladə vəziyyətə cavab vermək və zərərin dərəcəsini qiymətləndirmək üçün hadisə yerinə Hörmüzqan vilayətinin axtarış-xilasetmə dəstələri, pilot qayığı və yedək gəmisi göndərilib. Qeyd olunub ki, göyərtəsində 23 dənizçinin olduğu yükdaşıyıcısının gövdəsinin orta hissəsinə ciddi ziyan dəyib və suya batmağa başlayıb, kapitan heyətə gəmini tərk etməyi əmr edib.
Məlumata görə, bütün 23 xarici heyət üzvü təhlükəsiz şəkildə təxliyə edilib və Qeşm adasına aparılıb.
Bu arada, İranın dövlət xəbər agentliyi IRNA çərşənbə axşamı günü cənubdakı liman şəhəri Bəndər Abbasda partlayış səslərinin eşidildiyini, Kiş adasında altı partlayışın və Qeşm adasında əlavə partlayışların baş verdiyini bildirib.
